Qafqazşünaslıq İnstitutu ili uğurla başa vurur

Qafqazşünaslıq İnstitutu ili uğurla başa vurur Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının videoformatda iclası keçirilib.
İclasda müəssisənin 2020-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat təqdim edilib. İnstitutun direktoru, Elmi Şuranın sədri, Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib ki, 2020-ci ildə 2 elmi istiqamət üzrə, 5 mövzuya dair 16 tədqiqat işi aparılıb. Birinci istiqamətə daxil olan mövzularda Qafqaz dövlətlərinin ictimai-siyasi və digər problemlərinin, ikinci istiqamətə daxil olan mövzularda isə böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasətinin araşdırılması qarşıya məqsəd olaraq qoyulub.
Hesabat ilində Musa Qasımlının kitabı (kollektiv) ABŞ-da, institutun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovanın monoqrafiyası Türkiyədə nəşr edilib. Azərbaycanda isə 6 kitab, 4 tədris-metodiki vəsait çap etdirilib. Bununla yanaşı, 52-si xarici ölkələrdə (Çili, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Ukrayna, Avstriya) olmaqla 111 məqalə və tezis, internet saytlarında və qəzetlərdə isə 169 məqalə dərc etdirilib. İmpakt faktorlu jurnallarda 9 məqalə dərc olunub. Türkiyə, Rusiya, Çili, Ukrayna, Qırğızıstan, Moldova və digər ölkələrin tədqiqatçıları institut alimlərinin əsərlərinə 38 dəfə (Musa Qasımlı 25, Elnur Kəlbizadə 9, Ramilə Dadaşova 4) istinad ediblər.
Diqqətə çatdırılıb ki, həm professor Musa Qasımlının həmmüəllifliyi ilə ABŞ-da çap edilmiş “Postsovet münaqişələri: otuz illik böhranlar” kitabında, həm də siyasi elmlər doktoru Ramilə Dadaşovanın Türkiyədə ingilis dilində çap edilmiş “Regional münaqişələrin həll edilməsi problemləri: BMT-də islahatlar” kitabında, həm də nüfuzlu elmi bazalarda indeksləşən impakt faktorlu jurnallarda müəssisənin əməkdaşlarının dərc etdirdiyi məqalələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində davam etmiş hərbi təcavüzü və işğalçılıq siyasətinin ifşa olunması əsas məqsəd olaraq qarşıya qoyulub. Hesabat dövründə M.Qasımlının rəhbərliyi ilə institutun bir qrup əməkdaşının hazırladığı irihəcmli “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr – XXI əsrin əvvəlləri)” adlı fundamental kitabda isə ermənilərin Gürcüstana qarşı fəaliyyəti mənbələr əsasında araşdırılıb.
2020-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb və beynəlxalq sertifikatlaşdırma indeksi alıb. Qafqazşünasların II beynəlxalq forumunun (2019-cu il) materialları (2 cilddə) nəşr edilib. Hesabat dövründə institut əməkdaşları 34 beynəlxalq (ölkəmizdə 10, xaricdə 24) və 7 respublika elmi konfranslarında 41 məruzə ilə çıxış ediblər. Qafqazşünaslıq İnstitutunun alimləri ABŞ, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif elmi cəmiyyətlərin, beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətlərinin üzvləridir.
Diqqətə çatdırılıb ki, 2020-ci ilin may ayı ərzində Şimali Qafqaz şöbəsinin elmi işçisi, Gənc alimlər şurasının sədri, beynəlxalq əlaqələr üzrə məsul şəxs Gunay Feyziyeva "Web of Science" elmi bazası tərəfindən təşkil edilən 3 vebinarda, Qafqaz siyasi şöbəsinin elmi işçisi Yeganə Baxşıyeva isə Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERAEAP” adlı təlim proqramında iştirak edib və sertifikat əldə ediblər.
Vətən müharibəsi günlərində institut əməkdaşları müxtəlif platformalarda ingilis, rus, türk, fars, gürcü, erməni dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində iştirak edib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq məvaciblərinin bir hissəsini könüllü şəkildə köçürüb, qanvermə aksiyalarına qatılıb, bəzi əməkdaşlar isə Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq müvafiq strukturlara müraciət ediblər.
İnstitutun hesabatı qənaətbəxş hesab olunub.

Tehsil-press.az

Oxşar xəbərlər