BDU-da “COVID-19-un insan həyatına təsiri və zərərləri” mövzusunda onlayn tədbir keçirilib

BDU-da “COVID-19-un insan həyatına təsiri və zərərləri” mövzusunda onlayn tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Mexanika-riyaziyyat, Kimya və Biologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “COVID-19-un insan həyatına təsiri və zərərləri” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Sosial elmlər və psixologiya fakültəsi TGT sədri Cəfər Gözəlov koronavirus pandemiyası, virusun ümumi əlamətləri, sosial və psixoloji təsiri haqqında məlumat verib. Sonra fakültənin TGT sədr müavini Nərmin Heydərova koronavirusun insanlara psixoloji təsiri barədə danışıb. O, tələbələrə karantin müddətində onlayn sosial və akademik fəaliyyətlər haqqında məlumat verib.
Mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Katya İbrahimli COVID-19 infeksiyasına yoluxanların ölkəmizdəki statistikası haqqında təqdimatı tələbələrə təqdim edib.
Kimya fakültəsinin TGT sədri Əli Qədirli isə koronavirusun kimyəvi tərkibi haqqında çıxış edərək infeksiyanın spesifik xüsusiyyətlərindən bəhs edib. Şərqşünaslıq fakültəsinin TGT sədri İmran Sayılov koronavirus pandemiyası haqqında dünyada yayılan xəbərləri və xəstəliyin riskləri barədə məlumatı tələbələrlə bölüşüb.
Sonda Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Vüsal Məmmədrəhimovun COVID-19 infeksiyasının insan orqanizminə təsiri haqqında çıxışı dinlənilib.
Tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, maraqlı faktlar müzakirə olunub.
“Microsoft Teams” platforması üzərindən baş tutan tədbirdə 250 nəfərə yaxın tələbə qatılıb.

Tehsil-press.az

Oxşar xəbərlər