BDU-nun müəllimləri onlayn təhsildə qazanılmış təcrübənin əhəmiyyətindən danışıblar

BDU-nun müəllimləri onlayn təhsildə qazanılmış təcrübənin əhəmiyyətindən danışıblar Bakı Dövlət Universitetində (BDU) pandemiya dövründə tədrisin təşkili, yeni ixtisasların və laboratoriyaların yaradılması, eləcə də ixtisasların akkreditasiyası, ikili diplomların sayının artırılması, elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, xarici professorların tədrisə cəlb edilməsi istiqamətində uğurlu addımlar atılıb. Universitetdə cari tədris ilinin imtahan sessiyası bütün imkanların səfərbər olunması nəticəsində uğurla davam edir.
BDU-nun müəllimlərinin onlayn təhsilin təşkili və imtahan sessiyası barədə fikirlərini təqdim edir.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova: “Tarixi ənənələrinə sadiq qalan qocaman ali təhsil ocağı çətin dövrdə də təhsil sahəsində atılan addımlarda müvəffəqiyyətə nail olub. İmtahan sessiyasının ilk günlərindən başlayaraq bir neçə imtahanda iştirak etmişəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, ötən semestr ilə müqayisədə imtahanların təşkili, tələbələrin şifahi imtahanlara hazırlıq səviyyəsi və yeni qaydalara adaptasiyası daha yaxşı səviyyədədir. Hər bir halda universitet rəhbərliyi və fakültələr üzrə məsul əməkdaşlar mövcud şəraitdə pandemiyanın tədris prosesi üzərindəki neqativ təsirlərini minimuma endirərək imtahan sessiyasını uğurlu şəkildə təşkil etmək üçün birgə fəaliyyət göstərirlər. Mənim dərs dediyim və imtahan götürdüyüm qruplarda tələbələrin imtahanlarda iştirak üzrə aktivliyi 100 faizdir, ənənəvi tədris prosesində olduğu kimi, hazırlıq səviyyəsi hər birinin bilik və məsuliyyətinə uyğun olaraq fərqlidir”.
Geologiya fakültəsinin müəllimi Günay Hüseynova: “Pandemiya dünyada gözlənilməyən problemlər, dəyişikliklər, hətta yeniliklərlə qarşılaşmağımıza səbəb oldu. İnsanların birbaşa ünsiyyəti və təhsilin davamlılığının təmin edilməsində çətinliklər yarandı. Dünyada və ölkəmizdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, 2020/2021-ci tədris ilində ənənəvi təhsil distant təhsillə əvəz olundu. Həm distant təhsildə, həm də ənənəvi təhsildə müəllimin yükü azalmır, müəllimin idarəetmə və nəzarət funksiyaları çoxalır. COVID-19 pandemiyası ilə əlaqədar əksər ali təhsil müəssisələrində olduğu kimi, Bakı Dövlət Universitetində də yanvarın 11-dən etibarən başlayan 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Onlayn imtahanlar zamanı tələbənin biliyi dialoq və əks-əlaqə əsasında qiymətləndirilir. Təbii ki, şəffaf imtahan prosesi, biliyin düzgün qiymətləndirilməsi, imtahan sessiyasında mümkün güzəştlərin edilməsi kimi amilləri tələblərimiz böyük rəğbətlə qarşılayır. İmtahanların şəffaf təşkil olunmasında, həmçinin imtahan prosesinə maksimum nəzarətin olması, xüsusi nəzarət sisteminin həyata keçirilməsində Bakı Dövlət Universitetinin qəbul etdiyi operativ qərarları xüsusi qeyd etmək lazımdır. BDU-da tələbələri onlayn tədris prosesində fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə tələbə nəzarət qrupu yaradılıb. Tələbələrin müşahidəçi kimi iştirakı onların gələcək fəaliyyəti ilə öz təhsil pillələrində müsbət nəticələr verəcək. Sonda qeyd etmək istərdim ki, BDU-da imtahan prosesinin daha da inkişaf etdirilməsi, həmçinin gələcəkdə zərurət yaranarsa, onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və bacarıqların tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atacağıq”.
Coğrafiya fakültəsinin müəllimi Anar Nuri: “Artıq bir ilə yaxındır ki, bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Çox təəssüf ki, bütün dünyanı əhatə etmiş pandemiya bizim ölkədən də yan keçməyib. Bu müddət ərzində Bakı Dövlət Universitetində də davamlı təhsilin təmin edilməsi üçün uğurlu addımlar atıldı. Qeyd etməliyəm ki, bu şəraitin, pandemiya vəziyyətinin tədrisdə yaratdığı çətinliklərə baxmayaraq, müəllim və tələbə birliyi nəticəsində bu problemə sinə gərməyi bacardıq. Hazırda bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyası uğurla davam edir. Onlayn şəkildə aparılan imtahanlarda bütün tələbələr üçün hər cür şərait yaradılıb. Tələbələrə beş sualdan ibarət bilet təqdim olunur və 10 ballıq sistemlə hər sual qiymətləndirilir. Bir müəllim kimi, hər zaman tələbəyönümlü qərarlarla çıxış edən universitetimizin ənənəsinə sadiq qalaraq tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün hər cür şərait yaratmağa çalışırıq. İmtahanlar onlayn formatda keçirilsə də, tələbələrin həyəcanı yenə hiss olunur. Bu həyəcanı birinci kurs tələbələrində daha çox müşahidə etmək mümkündür. Bir müəllim kimi, tələbələrin bu həyəcan hissinə qalib gəlməsinə yardımçı olmağa çalışıram. Düşünürəm ki, tələbələrimizin müvəffəq qiymət alması bizim də nailiyyətimizdir. Təhsildə tətbiq edilən yeniliklərin gələcəkdə müsbət nəticələr verəcəyinə əminik”.

Tehsil-press.az

Oxşar xəbərlər