BDU beynəlxalq elmi yığıncaqda təmsil olunub

BDU beynəlxalq elmi yığıncaqda təmsil olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Beynəlxalq Kosmik Hava Təşəbbüsü”nün (The International Space Weather Initiative - ISWI) rəhbər komitəsinin (Steering Committee) illik yığıncağında iştirak edib.
ISWI kosmik hava tədqiqatlarında istifadə olunan cihaz və qurğuların yaradılması və inkişaf etdirilməsi, kosmik və yerüstü eksperiment və ölçmələrin təkmilləşdirilməsi, kosmik hava üzrə məlumatların digər rəqəmsal bazalarla birlikdə analizi və alınan nəticələrin kosmik hava elmi istiqamətinin inkişaf etdirilməsinə yönləndirilməsini, həmçinin nəzəri tədqiqatları nəzərdə tutan beynəlxalq əməkdaşlıq proqramıdır. ISWI proqramının iştirakçı və koordinatorları Birləşmiş Millətlər Təşkilatının Xarici Kosmos üzrə Ofisi (“United Nations Office for Outer Space Affairs” (UNOOSA)), ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (“National Aeronautics and Space Administration” (NASA)), Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitə (“International Committee on Global Navigation Satellite Systems” (ICG)), ABŞ Boston Kolleci, Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Elmi Komitə (“Scientific Committee on Solar Terrestrial Physics” (SCOSTEP)), Beynəlxalq Geodeziya və Geofizika İttifaqı (“International Union of Geodesy and Geophysics” (IUGG)), Atmosfer Araşdırmaları Mərkəzi (“Centre for Atmospheric Research”), Milli Kosmos Araşdırmaları və İnkişaf Agentliyi (“National Space Research & Development Agency”), Avropa Kosmik Agentliyidir (“European Space Agency” (ESA)).
Tədbirdə BDU-nun rektoru Elçin Babayev “Azərbaycanda ISWI proqramı üzrə fəaliyyət” mövzusunda məruzə edib. Ötən dövr ərzində Günəş və Günəş-Yer əlaqələrinin fizikası, kosmik hava sahələrində alimlərimizin apardığı elmi-tədqiqat işləri və əldə olunan elmi nəticələr rəhbər komitənin diqqətinə çatdırılıb. Kosmik hava tədqiqatları üzrə cihaz və qurğuların beynəlxalq proqramlar çərçivəsində Azərbaycanda yerləşdirilməsi, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi məsələlərinə və Kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərə toxunulub. Yığıncaqda dünyanın 15-dən çox ölkəsini təmsil edən milli koordinatorlar iştirak edib. Beynəlxalq ekspertlər Günəş və Günəş-Yer əlaqələrinin fizikası, Kosmik hava, Maqnitosfer və İonosfer fizikası, Qlobal Naviqasiya Peyk Sistemləri üzrə alınan yeni elmi nəticələr, təhsil və araşdırma imkanları kimi mövzularda müxtəlif məruzələrlə çıxışlar ediblər.
Məruzələr dinlənildikdən sonra dünyada elmin bu istiqamətinin inkişafını dəstəkləmək, müxtəlif birgə tədqiqatlar aparılması üçün zəruri hesab olunan cihaz və qurğuları ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, beynəlxalq elmi tədbirlər keçirmək, elmi nəşrləri dəstəkləmək kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər