Azərbaycan Dövlət Pedaqoji Universiteti “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali təhsil ocağı ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (Black Sea Trust GMF) təşkilati dəstəyi ilə reallaşan “Hər kəs üçün bərabər təhsil hüquqları” layihəsi çərçivəsində keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov vurğulayıb ki, 100 illiyini qeyd edən universitet ölkədə xüsusi təhsil sahəsində kadr hazırlığının bazasıdır. ADPU xüsusi və inklüziv təhsilin inkişafı istiqamətində bir çox beynəlxalq layihələrə imza atıb. Bunlara misal olaraq ADPU-da ölkədə inklüziv təhsilə aid ilk pilot layihəni (2011-2012-ci illər), Regional İnkişaf İctimai Birliyinin keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsini, “İşarə lüğəti”nin hazırlanması, UNICEF Azərbaycanın “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsini, Təhsil Nazirliyi ilə birgə “Korreksiyaedici təlimçi” ixtisası üzrə peşə standartı və tədris materialları hazırlanmasını göstərmək olar. Ümumən, ali təhsil ocağı sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya və sosiallaşmalarında fəal iştirak edir. ADPU ölkədə pedaqoji kadr hazırlayan universitet kimi xüsusi təhsili diqqətdə saxlayaraq bu sahədə müasir trendləri izləyir. Universitet ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə də bir çox layihələrə imza atıb. Bir il öncə Corc Vaşinqton Universiteti ilə beynəlxalq ikili diplom proqramı üzrə müqavilə imzalayıb.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxışında ictimai birliyin ölkədə autizmli uşaqların reabilitasiyası sahəsində öncül mərkəz olduğunu vurğulayıb. Qeyd edib ki, İB-nin yaratdığı “KAŞALATA kafe” belə uşaqların özünü reallaşdırması üçün ölkəmizdə ilk və yeganə nümunədir. Beynəlxalq və akademik əməkdaşlığa önəm verən birlik bu günə qədər ABŞ-ın, Türkiyənin müvafiq mərkəzləri ilə bir çox layihələr icra edib.
Qeyd olunub ki, memorandum çərçivəsində ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi ilə birgə bu sahədə 40 nəfər yerli mütəxəssisin hazırlanması, xarici təlim proqramının lokallaşdırılması və onlayn portalın inkişafı nəzərdə tutulur.
Sonra tərəflər memorandumu imzalayıblar.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer autizmli şəxslərin reabilitasiyasının vacibliyini bildirib. Qeyd edib ki, əgər bu şəxslərə imkan yaradılarsa, onlar içərisindən dahilər yetişə bilər. “Görüşlərimi son vaxtlar onlayn keçirsəm də, məhz belə bir tədbirdə canlı iştirak etməyi vacib bildim. A.Eynşteyn, B.Fişer kimi dahilər də məhz belə şəxslər idi”, - deyən səfir vurğulayıb ki, ABŞ bu sahədə daim vətəndaş cəmiyyəti institutlarına dəstək verməyə hazırdır.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov pandemiya şəraitində əməkdaşlığın önəmli olduğunu bildirib. Qeyd edib ki, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı ADPU-nun bu sahədəki uğurlarını əks etdirir.
Sonda “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən professor C.Cəfərov, səfir L.Litzenberqer və T.Əhmədova autizmli uşaqların çəkdiyi rəsm əsərləri hədiyyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər