Peşə Təhsili üzrə Dövlət Agentliyi Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə əməkdaşlığa başlayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə əməkdaşlığa başlayıb Peşə Təhsili üzrə Dövlət Agentliyi bacarıq yarışlarının təşkili üçün milli potensialın inkişaf etdirilməsi sahəsində Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə anlaşma memorandumu imzalayıb.
Memorandum çərçivəsində Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakı və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur. Bununla yanaşı, koreyalı mütəxəssislər azərbaycanlı gənc müsabiqəçilərin “WorldSkills International” təşkilatı tərəfindən təşkil olunan “Shanghai 2022” bacarıq olimpiadasına hazırlıq prosesinə dəstək verəcəklər.
COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu, Koreya İdxal-İxrac Bankı, “HRD Korea”, KT təşkilatları, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” layihə komandası, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və eləcə də bir sıra sahə mütəxəssisləri iştirak ediblər.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov anlaşma memorandumunun əhəmiyyətini vurğulayıb və bacarıq yarışlarının Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirilməsi işinə töhfə verəcəyini bildirib. Bu əməkdaşlıq sənədi Azərbaycanda bacarıq yarışlarının keçirilməsi, “WorldSkills” standartlarının təhsildə tətbiqi və beynəlxalq bacarıq yarışlarına hazırlıq istiqamətində həyata keçirilən işlərə dəstək olacaq.
Tədbirdə Azərbaycan və Koreya hökumətlərinin əməkdaşlığı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti vurğulanıb. Həmçinin əldə olunan nəticələr müvafiq təşkilatların məsul şəxsləri tərəfindən tədbir iştirakçılarına təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər