Elmi seminar: Mobil rabitə texnologiyaları

Elmi seminar: Mobil rabitə texnologiyaları Hər bir nəsil mobil rabitənin istifadə etdiyi standartlar – mobil rabitə sisteminin işləməsini təmin edən texniki parametrlər və qaydalar sistemidir. Bu standartlar həm də onların reallaşması üçün tətbiq edilən texnologiyalar ilə xarakterizə olunur.
Bu barədə institutun proqramçısı Təbriz Ağaşov AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Mobil rabitə texnologiyaları: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr edilmiş onlayn elmi seminarında çıxışı zamanı məlumat verib. Məruzəçi, həmçinin 1G, 2G, 3G, 4G nəsil şəbəkə texnologiyasından bəhs edib.
Daha sonra T.Ağaşov 5-ci nəsil şəbəkə texnologiyasından (5G) danışıb. Qeyd edib ki, 5G saniyədə 20 Gb-ə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 GHs və yuxarı) mümkündür. 5G nəsil şəbəkə texnologiyasının sürəti və daha yüksək tutum qabiliyyəti şəbəkələrin daha çox məlumat idarə etməsinə imkan yaradır və əşyaların internetinin (İoT) inkişafına kömək edir. Bulud texnologiyasında saxlanılan məlumatların dərhal yüklənməsi və hesablanması kimi xidmətlər yerinə yetirilir.
Beşinci nəsil rabitə sisteminin yüksək sürəti və geniş əhatə dairəsinə sahib olması əşyaların internetinin kənd təsərrüfatında çox istifadə olunmasına və daha çox tətbiqetmənin ortaya çıxmasına səbəb olacaq. Bundan əlavə 5G səhiyyə sahəsində də geniş istifadə olunur və 5G texnologiyası bu sahə üçün, yeni imkanlar, yeni xidmətlər təqdim edir.
T.Ağaşov sonda 5G-dən istifadə edən aparıcı şirkətlər haqqında da məlumat verib, buraya “İntel”, “Verizon”, “Samsung”, “LG”, “Macom”, “Mediatek” kimi korporasiyaların aid olduğunu söyləyib. Qeyd edib ki, 5-ci nəsil şəbəkə texnologiyasını dəstəkləyən cihazlara “5G Router”, “5G Module” “5G Smartphones”, “5G Modem”, “5G Antenna” və s. misal göstərmək olar.
Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər