Avropadan ermənilərin “demokratiya ideallarına xəyanət”...

Avropadan ermənilərin “demokratiya ideallarına xəyanət”... “...Avropa Birliyi Azərbaycan və ya Gürcüstanla deyil, ölkəmizlə əlaqələrin inkişafına daha çox üstünlük verməlidir”.
...Deməli, ötən gün İrəvana səfər edən və Ermənistan prezidenti Armen Sarkisyanla görüşən Avropa Genişlənmə və Qonşuluq Siyasəti Komissarı Oliver Varxelinin “nə əməli, nə də danışıqları” erməniləri qane etməyib. Niyə? Çünki o erməni prezidenti ilə görüş zamanı Azərbaycanı təqdir edərək bu ölkənin ünvanına xoş sözlər səsləndirib. Ermənilərə görə, hələ bunlar azmış kimi, macar komissar Avropa Birliyinin rəsmi saytında Azərbaycan haqqında tərifli bir məqalə yazmaqdan belə çəkinməyib.
Ermənistan mətbuatı yazır:
“Cəsarətə bir bax ey. Durub, İrəvana gələsən, oturub Azərbaycanın ünvanına təriflər yağdırasan? Avropa komissarı hələ bir Azərbaycanı bölgənin ən firavan dövlət adlandırır. Yəni o, doğrudanmı, bizim ənkə babamızdan qalan torpaqlarda azərbaycanlıların “erməni mədəni irsinin məhv” etməsindən xəbərsizdir?
Yəni macar komissar, bu gün bizim “günahsız yerə həbs edilib mühakimə edilən məsum” erməni hərbçilərinin mühakiməsinin mühakimədən çox komediyaya bənzədiyin bilmir?
Təbii ki, bilir? Bəs onda niyə Azərbaycan dövlətinin ünvanına belə təriflər yağdırır. Əslində, Avropa Komissiyasının komissarı həmin tərifləri bizim ünvanımıza səsləndirməlidir. Onun təmsil etdiyi birlik Azərbaycan və ya Gürcüstanla deyil, ölkəmizlə əlaqələrin inkişafına daha çox üstünlük verməlidir. Niyə, çünki müstəqillik əldə edəndən sonra, biz ermənilərdən fərqli olaraq, Azərbaycanda dəyərli heç bir şey yaradlmayıb.
...Uzağa getmək lazım deyil. Baxın, bu gün Ermənistanda yaşamaq üçün hər şey var, amma Azərbaycanın sosial-iqtisadi vəziyyəti, sadəcə olaraq, “dəhşətdir”, bunu qonşu ölkədə baş verən gündəlik “intihar” xəbərləri də sübut edir. Amma, erməni xalqı bu gün öz ölkəsində gözəl və məmun yaşayır. Doğrudur, “bir -iki nəfər” ölkədən getmək istəyənlər var, amma onlar, sadəcə olaraq, getdikləri ölkələrdəki yaşam tərzini Ermənistandakı yüksək yaşam tərzi ilə müqyisə etmək üçün gedirlər. Ona görə də, bu gün Ermənistandan gedənlərin əksəriyyəti “qədim erməni torpağına” olan fəraqa dözməyib yenidən geri qayıdırlar. Amma bütün bunlara baxmayaraq, Avropa komissiyası komissarı tərifi biz ermənilərə yox, Azərbaycanın ünvanına deyir.
...Biz ermənilər yenə də deyirik, Avropa Birliyi əlaqələrinin inkişafında ancaq biz ermənilərə üstünlük verməlidir. Bundan əlavə, maliyyə yardımı paketi ən çox Ermənistana verilməlidir. Çünki, bu gün qonşularımız bizi “sıxırlar”. Ona görə, Avropa Birliyi Ermənistanı Cənubi Qafqazın iqtisadi və siyasi lideri olmasına kömək etmək üçün hər şey etməlidir.
...Amma bütün bunlara baxmayaraq, biz ermənilər Varxelinin çıxışlarında bunu hiss etmədik. Sizcə, bu erməni kimi “qədim bir xalqa”, onun “demokratiya ideallarına” xəyanət deyilmi?".

Agasəf Babayev

Oxşar xəbərlər