Azərbaycan Texnologiya Universitetində məzunlara diplomların təqdimetmə mərasimi keçirilib

Azərbaycan Texnologiya Universitetində məzunlara diplomların təqdimetmə mərasimi keçirilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020/2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib. Bu məqsədlə təşkil olunan tədbir universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarətlə başlayıb. Tədbir qonaqları UTECA-nın şəhid məzunlarının abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Regional Kollecin müdiri Fəxrəddin Zeynalov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, pandemiya qaydalarından irəli gələrək az sayda məzunlar və valideynlər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra UTECA-nın rektor əvəzi Yaşar Ömərov açılış nitqiylə çıxış edib. Bildirib ki, Tovuz döyüşlərindən 1 il ötür: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və dəmir yumruq sayəsində qazandığımız Zəfər iyul döyüşlərindən ilham almışdı. 12-16 ilyul, 2020-ci il tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alan zaman yüksək rütbəli zabitlərimiz şəhid olub. Generalımız Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin öz əsgərləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmaları xalq birliyinin daha da möhkəmlənməsinə səbəb oldu. Düşmənin növbəti – 27 sentyabr təxribatından sonra Ali Baş Komandanın əks hücum əmrilə 27 il işğalda qalan torpaqlarımız yağı düşməndən təmizləndi - düzgün siyasət və vətənpərvər nəsil sayəsində. Vətənpərvərlik təhsildən başlayır, döyüşlərdə UTECA-nın çox sayda tələbə və məzunları iştirak edib. 44 günlük müharibədə universitetimizin 6 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Biz onlarla qürur duyuruq. Təklif edirəm bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək”.
Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra söz qonaqlara verilib. Çıxış edənlər məzunlara həyatın yeni mərhələsində uğurlar arzu edib, məsləhət və tövsiyyələr veriblər. Məzunların çıxışının ardından diplomlar təqdim edilib.
Sonda ÜOMG-si yüksək olan məzunlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bu il UTECA-nı 470 bakalavr bitirib. Onlardan 13-ü qırmızı diplom alıb. Bu il məzun olan 72 magistrdan 26 nəfəri isə fərqlənmə diplomu əldə edib.

Tehsil-press.az




Oxşar xəbərlər