UNEC-də seminar: Bazar iqtisadiyyatında ayrı-seçkiliyə yer varmı?

UNEC-də seminar: Bazar iqtisadiyyatında ayrı-seçkiliyə yer varmı? Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təşkilatçılığı ilə “Bazar iqtisadiyyatında ayrı-seçkiliyə yer varmı?” mövzusunda onlayn seminar keçirilib.
Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova və Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov mövzunun aktuallığına diqqət çəkiblər. Qeyd edilib ki, bazar iqtisadiyyatı şəraitində yer alan ayrı-seçkilik məsələsi ənənəvi, liberal, klassik iqtisadiyyat kontekstində deyil, məhz koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı kontekstində baxılacaq bir mövzudur.
Seminarda Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmut Universitetinin İqtisadiyyat fakültəsinin assistent professoru Zəhra Muradın məruzəsi dinlənilib. Məruzəçi insanlara qarşı ədalətsiz və ya qərəzli rəftar kimi qəbul edilən diskriminasiya və ya ayrı-seçkiliyin uzun illər sosiologiya və siyasət elmində maraq doğuran mövzulardan biri olduğunu bildirib. İqtisadiyyatı sosial problemlərlə birləşdirmək ideyasının banisi Harri Bekkerin həyat və fəaliyyətindən söz açan məruzəçi iqtisadçı alimə qədər sosiologiyada ayrı-seçkiliyin zövqə əsaslanan qərəz kimi qəbul edildiyini, bunun niyə baş verdiyini izah etmək üçün sosiologiyada bir çox nəzəriyyələrin mövcud olduğunu bildirib.
Sonda şöbə müdiri Rəna Hüseynova Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin strukturunda İngiltərə, ABŞ və İsraildən tədqiqatçıların yer aldığını vurğulayaraq, Mərkəzin gələcək inkişafında xarici təcrübənin öyrənilməsi baxımından bu faktorun əhəmiyyətli yer alacağını qeyd edib.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirə aparılıb, məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər