BDU-da “Karyeraya yeni baxış” mövzusunda təlim

BDU-da “Karyeraya yeni baxış” mövzusunda təlim Bakı Dövlət Universitetində (BDU) tələbələrə karyera planlamasına dair seminar keçirilib.
BDU-nun Karyera və məzunlarla iş sektorunun əməkdaşı İlkin Şərifov seminar iştirakçılarına təşkil olunmuş müvafiq mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərinin verilməsindən, universitetdaxili və xarici qurumlarla münasibətlərdən danışıb. Bildirilib ki, mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardım edən struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir.
Türkiyənin Qazi Universitetinin məzunu, karyera planlayıcı, motivasiya, ünsiyyət, sosial psixologiya üzrə mütəxəssis Samir Məmmədov karyera qurmasında əldə etdiyi təcrübəni tələbələrlə bölüşüb. O qeyd edib ki, bu günə qədər 100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi fəaliyyət göstərib.
S.Məmmədov şəxsi karyerası və rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, uğurlu karyeranın başlanğıcı universitetdə yüksək səviyyədə təhsil almaqdır. Könüllü təcrübə proqramlarının əhəmiyyətinə diqqət çəkən S.Məmmədov qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də böyük önəm kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və öz üzərilərində çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bünövrəsini tələbəlik dövründə qoymalıdırlar.

Tehsil-press.az


Oxşar xəbərlər