BDU tələbələri üçün karyera planlama istiqamətində peşəkar təlim

BDU tələbələri üçün karyera planlama istiqamətində peşəkar təlim Bakı Dövlət Universitetində (BDU) tələbə və məzunların karyeralarını inkişaf etdirmələri, əmək fəaliyyətinə hazırlanmaları, ixtisaslarına uyğun iş tapmaları və uğur əldə etmələri istiqamətində tədbirlər görülür. Bu məqsədlə “AzerGold” QSC ilə BDU arasında imzalanmış 2021-ci il üzrə Fəaliyyət Planına əsasən şirkətin əməkdaşları tərəfindən III və IV kurs bakalavr tələbələri üçün “Universitetdən karyeraya uğurlu keçid” adlı seminar təşkil olunub.
Tədbirdə "AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyev “Gündəlik həyatımızdan gələcək hədəflərimizə doğru” mövzusunda çıxış edib. O, karyera planlamasında vacib olan şəxsi profillərin və CV-nin tərtib olunması və beynəlxalq standartlara uyğunlaşdırılması, iş axtarışı və məlumat kanallarının tapılması, müsahibə mərhələsində tələbənin məlumatlandırılması, işəgötürən tərəfindən müsahibəyə çağırıldıqda davranış qaydaları barədə məlumat verib.
Seminarda çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər. Sonda iştirakçıların sualları cavablandırılıb.
Seminarda BDU-nun tələbə və magistrantları ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində dağ-mədən mühəndisliyi, geologiya, coğrafiya və inşaat mühəndisliyi ixtisaslarında təhsil alanlar iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər