ADA Universitetində Illik Karyera Yarmarkası 2017

ADA Universitetində Illik Karyera Yarmarkası 2017 ADA Universitetinin Karyera Mərkəzi bu həftə ənənəvi illik Karyera Yarmarkasını keçirir. Məşğulluq bazarında təmsil olunan hökümət, qeyri-hökumət və fərdi təşkilatların təmsilçiləri burada iştirak edir. Yarmarka ADA Universitetində keçirilən Karyera Həftəsinin yekun tədbiridir. Həftə çərçivəsində təşkil edilən müxtəlif formatlı fikir mübadilələri zamanı ADA tələbələri uğurlu karyeranın qurulması ilə bağlı tövsiyyələri peşəkarların özlərindən dinləmişdir. Bir sıra təşkilat rəhbərləri yeni biznesin qurulmasından tutmuş, beynəlxalq təşkilatda karyera yüksəlişi əldə etmək barədə məsləhətləri, eləcə də işə alan şirkətlərin universitet məzunlarından gözləntiləri barədə təqdimatlar keçirmişdilər.
ADA Universiteti bütün ixtisaslar üzrə nəzəriyyə və təcrübəni bir araya gətirən karyera yönümlü təhsili ilə tanınır. Bu günə qədər Universitetdən məzun olan gənclər arasında məşğulluq göstəricisi 84% təşkil edir. Tələbələrin əksəriyyəti iş təkliflərini məzun günündən əvvəl alırlar. Karyera Mərkəzinin fəaliyyəti məhz belə nəticələrə yönəlib. Mərkəz tələbələrlə individual qaydada işləyərək onlara gələcək peşələri baxımdan fərdi üstünlüklərini müəyyənləşdirməyə, bunları tərcümeyi hallarında vurğulamağa, maraqlandıqları peşə sahələri üzrə təcrübə proqramları keçməkdə yardım göstərir.
Bu il ADA-nın Karyera Həftəsində iştirak etmək istəyən şirkətlərin sayı 80-nə yaxındır. Universitet furstədən istifadə edib əlaçı təqaüdçülərin təltif ediıməsi mərasimini də məhz bu günə salmışdır. Rektor Hafiz Paşayev əlaçı tələbələrə fərqlənmə diplomlarını Azərbaycanda fəaliyyət göstərən iri holding və şirkət rəhbərlərinin qarşısında təqdim edəcək.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər