Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Kiyevdə Avropa İttifaqının seminarında iştirak ediblər

Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Kiyevdə Avropa İttifaqının seminarında iştirak ediblər Avropa İttifaqı Əqli Mülkiyyət İdarəsi (AİƏMİ) tərəfindən Ukraynanın paytaxtı Kiyev şəhərində “Alətlər və təcrübələr üzrə texniki seminar” təşkil olunub. Seminarda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın əqli mülkiyyət sahəsində çalışan mütəxəssisləri iştirak ediblər.
Ölkəmizi tədbirdə agentliyin İnformasiya texnologiyaları və dərc şöbəsinin müdiri Elnur Müslümov və agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Anar Hüseynov təmsil ediblər.
Tədbir iştirakçılarının müzakirələrinə Avropa İttifaqının (Aİ) ekspertləri tərəfindən “AİƏMİ-nin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti və nailiyyətləri”, “AİƏMİ-nin əsas fəaliyyət istiqamətləri və Avropa İttifaqı Əqli Mülkiyyət Şəbəkəsi”, “Aİ tərəfindən əqli mülkiyyət sahəsində maliyyələşdirilən layihələr”, “Avropada əqli mülkiyyət hüquqlarının pozulması hallarının müşahidəsi” və digər mövzularda məruzələr təqdim olunub. Həmçinin Avropa İttifaqı Əqli Mülkiyyət Şəbəkəsində əmtəə nişanları və sənaye nümunələri sahəsində istifadə olunan axtarış və təsnifat platformaları, AİƏMİ ilə müxtəlif dövlətlər arasında bağlanmış anlaşma memorandumları və bu sahədə təcrübələr barəsində məlumat verilib, fikir mübadiləsi aparılıb.
Tədbirin proqramına uyğun olaraq, iştirakçılar ölkələrinin əqli mülkiyyət sahəsinə dair təqdimatlar ediblər. Bu çərçivədə Anar Hüseynov Əqli Mülkiyyət Agentliyinin yaranması, fəaliyyəti, strukturu, əldə olunan nailiyyətlər barədə məlumat verib. O bildirib ki, açıqlığın və şəffaflığın təmin edilməsi məqsədilə agentlik tərəfindən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” rəqəmli informasiya sistemi istifadəyə verilib, bununla sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilib. Anar Hüseynov tədbir iştirakçılarının bu sistemin fəaliyyət prinsipi və mexanizmləri ilə bağlı bir çox suallarını cavablandırıb, onun səmərəliliyinin əldə edilən praktiki nəticələrlə təsdiq olunduğunu diqqətə çatdırıb.
O, həmçinin son illər agentliyə daxil olan iddia sənədləri üzrə statistik göstəricilər barədə məlumat verib, onların müqayisəli təhlilini aparıb.

Tehsil-press.az



Oxşar xəbərlər