ADU-da Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyəti elmi əməkdaşlıq üçün önəmli rol oynayır

ADU-da Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyəti elmi əməkdaşlıq üçün önəmli rol oynayır Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavlyeviçlə görüşüb.
Görüşdə ADU-nun rektoru iki ölkə arasında təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inandığını diqqətə çatdırıb. ADU-da fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzi haqqında danışan Kamal Abdulla Serbiya Prezidenti Aleksandr Vuçiçin səfərini xatırladıb, elmi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, müəllim-tələbə heyətinin qarşılıqlı elmi mübadiləsinin faydalı olacağını qeyd edib: “Bu gün yeni layihələrin, əməkdaşlıq imkanlarının və perspektiv vəd edən proqramların həyata keçirilməsi baxımından əlverişli şərait mövcuddur. Bu fakt böyük əhəmiyyət kəsb edir. Serb həmkarlarımızla münasibətlərimiz bizi məmnun edir. Biz görüşlərimizi daim xoş xatırlayır və yüksək dəyərləndiririk. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edir, faydalı əməkdaşlığın qurulmasındakı təşəbbüsünüzü alqışlayırıq”.
Görüşdə, həmçinin Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olması barədə müzakirə aparılıb, multikulturalizmin dövlət siyasəti olduğu vurğulanıb. Eyni zamanda, hər iki ölkənin universitetlərində hazırlanan mütəxəssislərin beynəlxalq konfranslarda, elmi görüşlərdə, tədbirlərdə yüksək səviyyədə iştirak etdiyi xüsusi qeyd olunub.
Təhsil və mədəniyyət istiqamətində göstərilən dəstəyi yüksək dəyərləndirən səfir bundan sonra da əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib: “Birlikdə gördüyümüz və görəcəyimiz işlərin əhəmiyyəti həm elmi, həm də dostluq münasibətlərimiz üçün önəmli rol oynayır. Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyəti bu işlərin əsas göstəricilərindən biridir. Bizim maraqlarımız həm burada, həm də Serbiyada təhsil alan tələbələrin maraqları dairəsindədir. İkitərəfli münasibətlərimizdən danışanda mütləq qeyd etməliyik ki, bu, qardaşlıq münasibətidir”.
Səfir işğaldan azad olunmuş torpaqlara səfərindən söhbət açıb. Ağdam və Şuşa səfərinin unudulmaz bir xatirəyə çevrildiyini, Qarabağın füsunkar təbiətə malik olduğunu söyləyib. Serbiyanın Azərbaycan həqiqətlərini dəstəklədiyi və bundan sonra da dəstəkləyəcəyi vurğulanıb.
Daha sonra Draqan Vladisavlyeviç ADU-nun Serb dili və mədəniyyəti mərkəzində tələbələrlə görüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər