UNEC-də əcnəbi tələbələrlə görüş keçirilib

UNEC-də əcnəbi tələbələrlə görüş keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı bildirib ki, görüşün məqsədi əcnəbi tələbələri universitetlə daha yaxından tanış etmək, təqdim edilən imkanlar barədə məlumat vermək, qarşılaşdıqları problemlərin həlli istiqamətində onlara dəstək olmaqdan ibarətdir.
UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova tələbə təşkilatları, əcnəbi tələbə klubu, universitetin sosial həyatı, İnnovativ Biznes İnkubator, Yaradıcılıq Mərkəzi, Radio UNEC, bədii dərnəklər, idman klubu barədə məlumat verib. O, tələbələrə elmi-tədqiqatların aparılmasında, startap layihələrin hazırlanmasında, eləcə də universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.
Sonra UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva universitetin kitabxanaları, oxu zalları, elektron resursları barədə məlumat verib. Kitabxanada tələbələrin lazımi resurslarla təmin edildiyini diqqətə çatdırıb.
Görüşdə əcnəbi tələbələri maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb.
Qeyd edək ki, 2021/2022-ci tədris ilində UNEC-ə ABŞ, Rusiya, İsrail, Maldiv, Şri-Lanka, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Tacikistan, Nigeriya, Kamboca, Antiqua və Barbuda, Bəhreyn, Əfqanıstan, İran, Liviya, Yəmən, Sudan, Özbəkistan, Pakistan və Qazaxıstandan əcnəbi tələbələr qəbul olub. Ümumilikdə isə UNEC-də 300 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı 15 nəfərdir.

Tehsil-press.az


Oxşar xəbərlər