Yeni il kimin bayramıdır?

Yeni il kimin bayramıdır? Hər Yeni il bayramı yaxınlaşanda cəmiyyətdə, mətbuatda, sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən bu bayramın bizə aid olmadığı haqda cəfəngiyyatlar baş alıb gedir. Radikal millətçilər və dinçilər başlayırlar ki, bəs bu xristianlıq bayramıdır, bizə yaddır, niyə onu qeyd etməliyik filan. Çoxları belə cavab verir ki, il dəyişir, bütün dünyada qeyd olunur, biz də qeyd etməliyik. Təbii ki, haqlıdırlar. İlin dəyişməsi bayram kimi qeyd oluna bilər və burda milli, qeyri-milli nəsə axtarmaq axmaqlıq olardı.
Lakin Qış bayramının, Şaxta babanın, Yolka bəzəmək ənənəsinin bizim çox qədim köklərimizdən gəldiyini bilsəydilər, cavabları daha sanballı olardı deyə bu kiçik yazımda məsələyə bir az aydınlıq gətirməyə çalışacağam.
Qış bayramı haqda qədim hind-çin, türk, misir mədəniyyətlərində məlumatlar var. Şaxta Baba və Yolka ilə bağlı ən qədim məlumatlar 5 min il tarixi olan Şumer mətnlərində var. Eyni dövrə aid hindlilərə məxsus müqəddəs dini-fəlsəfi biliklər toplusu olan Vedalarda da Qış bayramı haqda məlumatlar var.
Bu haqda tarixçilərin, o cümlədən istedadlı qələm dostumuz, araşdırmaçı jurnalist Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Jurnalistlər Birliyinin üzvü Əliş Əvəzin maraqlı tədqiqatları var. Araşdırmaçı qədim mənbələrə dayanaraq, yazır ki, qədim türklərin ən böyük bayramı dekabrın 25-nə düşən “Açı” (“acı”) suyu” bayramı idi. Bu gün içərisinə açı (xaç) salınmış su ilə yuyunub təmizlənmək çox vacib sayılırdı ki, bu da Ulu Tanrıya (Tanrı xana) biətin ifadəsi idi. (Qeyd etmək lazımdır ki, bərabərtərəfli xaç qədim türk, şumer, misir və hind mədəniyyətlərində əbədiyyəti simvolizə edən müqəddəs simvol idi- E.B).
Həmin gün hər kəs evə müqəddəs sayılan, Tanrının əbədilik rəmzi olan şam və ya küknar budağı gətirməli idi. Həmişəyaşıl olması səbəbilə Yolkanın dirilik, əbədilik simvolu kimi müqəddəsləşdirilməsi tarixi isə qədim türklərdə hələ Tanrıçılıq dinindən təxminən 3 min il əvvələ gedib çıxır. Bu ağacın konus formalı olmasından dolayı onu bəzəmək və başına ulduz qoymaq Tanrıya aparan yolun bəzənməsini simvolika edir və Tanrıya qovuşmaq istəyinin nəticəsidir.
Bu ənənələr Tanrının daha qədim adı olan Yersu ilə bağlıdır. Yolkanın evə gətirilməsi Yersunun ərməğanı hesab edilirdi. İnama görə, Tanrı Yersunun igamətgahı yerin təkində və mərkəzində yerləşib. Burada, Dünya Ağacının rəmzi olan nəhəng, müqəddəs yolka (şam) ağacı bitib. Bu ağacın altında onun hamisi sayılan, əyninə uzun xalat geymiş ağ saqqallı bir qoca əyləşib. Bu, Ülgən (Ölgən) Babadır.
Ülgən Baba çox xeyirxah qocadır, ildə bir dəfə qış vaxtı yerin üstünə çıxıb adamlara qonaq gəlir, böyük torbasında uşaqlara hədiyyələr və Yolka gətirir. Uşaqlar və böyüklər həmin yolkanın ətrafında dövrə vuraraq səhərə qədər nəğmə oxuyub şənlənirlər. Yolka o dərəcədə müqəddəs sayılırdı ki, hətta tanrıçılıq dövründə ölən adamların qəbirlərini şam budaqcıqları ilə döşəyirdilər. İndi də bizim qəbiristanlıqlar şam ağacları ilə doludur.
Şam sözünün qədim dilimizdə Tanrının adlarından biri olması da çox şeydən xəbər verir. Azərbaycanda Şamaxı, Şə(a)mkir, Şamlıq kimi toponimlərin də Tanrının şərəfinə verildiyi aydın olur. Şaman sözünün etimologiyasının kökündə də bu dayanır.
Yazımızdan aydın olduğu kimi, xristianlıqdan azı 3 min əvvələ aid olan bu bayram İsa peyğəmbərin doğuluşu və ya təqvim ilinin başlaması ilə bağlı deyil, konkret olaraq qədim mifoloji dini görüşlərimizə əsaslanır.
Miladi Yeni ilini, Qış bayramını Şaxta (Ülgən) Baba və Yolka (Şam) atributları ilə müxtəlif inanclı əksər şərq xalqlarının geniş qeyd etməsi böyük tarixi təbəddülatlar yaşamış qədim şərq sivilizasiyasının gen yaddaşından qaynaqlanır.
Kəsəsi, radikal millətçilərin bu bayramı keçirməsində heç problem qalmadı, radikal dinçilər isə onsuz da ərəblərə məxsus olanlar xaric bütün digər xalqların mədəniyyət elementlərini inkar edirlər.
Dinçilər bəşəriyyətin ən qədim bayramı olan Novruz bayramının da əleyhinə çıxırlar. Bu zəngin bayram onu qeyd edən xalqların qədim və yüksək mədəniyyətini göstərən əsas faktlardandır.
Unudulmuş bayramlarımızdan biri olan Xvarna yeni eradan bir neçə min əvvəldən Qafqazdan Çinədək ərazilərdə yaşayan xalqlar tərəfindən keçirilərmiş. Qədim insanlar Novruzda olduğu kimi odun vasitəsilə Tanrıya Onun nemətlərindən qansız qurbanlar verərək minnətdarlığını ifadə edərlərmiş. İndiki təqvimlə bu bayram oktyabrın 8-ə düşür.
Onu da qeyd etmək lazımdır ki, zəngin və qədim mədəniyyət elementi olan bayramlar cəmiyyətə böyük planda müsbət enerji verən mərasimlərdir. Onsuz da tariximiz faciələr, matəmlərlə doludur, olan qalan bir-iki bayramımızın da ləğv edilməsi arzusunda olanları anlamaq çətindir.
Xülasə sözüm ondadır ki, qədimlərdə bizim olan sonradan başqalarına təhvil verib imtina etdiyimiz mədəniyyət elementlərini onlardan geri almaq əvəzinə öz kökümüzdən çıxarıb yenidən sahiblənmək lazımdır.
Milli və bəşəri bayramınız mübarək!

Elçin Bayramlı



Oxşar xəbərlər