Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Mərkəzi Elmi Kitabxanada olublar

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Mərkəzi Elmi Kitabxanada olublar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu şəhidlərin ailə üzvləri ilə görüş keçirib.
Görüşdə Sumqayıt şəhərindən olan şəhidlərin ailə üzvlərinin bir qismi iştirak edib.
İştirakçılar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. Azərbaycan xalqına şanlı Zəfər bəxş edən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir daha yad olunub.
MEK-in baş direktoru professor Məmməd Əliyev torpaq uğrunda canından keçən hər bir Vətən oğlunun yeni nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. “Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq. Kitabxanada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazan hərbçilərimiz, şəhidlərimiz, qazilərimiz haqqında zəngin məlumat bazası toplanır”, - deyə baş direktor vurğulayıb. Gənclərə vətənpərvərlik hisslərinin aşılanması və qəhrəman şəhid oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun əhəmiyyətini bir daha nəzərə çatdıran baş direktor, həmçinin fonda rəhbərliyin tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə edildiyini bir daha vurğulayıb.
“Bu gün qalib ölkənin vətəndaşı kimi 44 günlük Vətən müharibəsi zamanı igidlik, şücaət göstərərək öz qanları bahasına bizə Qələbə sevincini yaşadan əsgər və zabitlərimizin anaları qarşısında baş əyirik”, – deyə MEK-in icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva bildirib.
Fondun ən ali məqsədinin şəhidləri tanıtmaq, yaşatmaq olduğunu deyən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə burada mütəmadi şəkildə şəhid ailələri ilə görüşlərin keçirildiyini vurğulayıb. Fondun rəhbəri, həmçinin burada toplanan hər bir ədəbiyyatda qəhrəman oğullarımızın hekayəsinin əks olunduğunu böyük qürurla nəzərə çatdırıb.
İgid oğullarımızın fədakarlığını qələmə alan şair Esmira Günəş çıxışında şəhidlərin unudulmamasında bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O, MEK-ə vətənpərvərlik mövzusunda yazdığı kitablarını təqdim edərək bildirib ki, şəhidlər məhz burada toplanan kitabların, məlumatların sayəsində yaşayacaq, unudulmayacaq.
Görüşdə şəhidlərin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər