Şəhidlərin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar

Şəhidlərin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabr ayında anadan olmuş qəhrəman şəhidlərimizin ailə üzvləri ziyarət ediblər.
Ziyarət edənlər sırasında Füzuli, Cəbrayıl, Şuşa və Tərtər rayonu Talış istiqamətində gedən döyüşlərdə şəhid olan Ziyad Muradov, Mirbala Rəsulov, Siyavuş Kəlbalıyev, Teymur Məcidzadə və Bəhruz Əliyevin ailələri olub.
Şəhid ailələri ilə görüş zamanı kitabxananın baş direktoru professor Məmməd Əliyev torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsinin, ölkəmizin hər yerində olduğu kimi, MEK-də də əziz tutulduğunu bildirib. O qeyd edib ki, üç minə yaxın şəhidimizin adlarının əbədiləşdirilməsi üçün Azərbaycan kitabxana sistemində bir ilk olan və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradılıb. Fondda toplanan sənədlər, kitablar gələcək nəsillərə miras kimi ötürüləcək.
Şəhid ailələrinin üzvləri fondla yaxından tanış olub, onların əziz xatirəsinə həsr olunmuş guşələrə baxıb, dövlətimiz tərəfindən göstərilən yüksək qayğıdan danışıb, şəhidlərin xatirəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, bir neçə ay əvvəl fəaliyyətə başlayan “Qarabağ müharibəsi qəhrəmanları” fondunda İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin doğum günlərinə həsr olunmuş sərgilər də təşkil olunur və bir ay davam edir. Sərgidə qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar, sənədlər, fotoşəkillər, şəhidlər haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar nümayiş olunur.

Tehsil-press.az


Oxşar xəbərlər