ADU-nun Konfutsi İnstitutu Çinin idman tarixinə həsr olunan seminar keçirib

ADU-nun Konfutsi İnstitutu Çinin idman tarixinə həsr olunan seminar keçirib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına həsr olunmuş “Çin idman tarixi” mövzusunda onlayn tələbə seminarı keçirib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin dünyanın ən qədim idman mədəniyyətlərindən birinə malik olduğunu deyib, ənənəvi döyüş sənəti və oxatmanın daha çox inkişaf etdiyi bəzi Çin sülalələri dövründən danışıb.
R.Abbasov Çində idmana dövlət dəstəyindən, effektiv istedad axtarışı sistemindən, həmçinin idman məktəbləri şəbəkəsinin genişləndirilməsindən bəhs edib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pekində XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə səfərinin, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ÇXR Olimpiya Komitəsinin vitse-prezidenti Yuy Szaytsinin Azərbaycan səfərinin, Çin Olimpiya Komitəsi ilə Milli Azərbaycan Olimpiya Komitəsi arasında idman və texniki əməkdaşlıq haqqında sazişin imzalanmasının idman sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafı üçün xüsusi əhəmiyyətini qeyd edib.
Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri Çinin müxtəlif illərdə keçirilən Olimpiya Oyunlarında iştirakından, Çində idmanın uğurlu inkişafını şərtləndirən əsas amillərdən, o cümlədən xarici ölkələrin idman sistemlərində qabaqcıl təcrübədən və müasir idman avadanlıqlarından istifadə edilməsindən və Çin idmançılarının mənəvi hazırlığından danışıblar.
Təqdimatlarda, həmçinin idmançıların elmi meyarlara uyğun seçilməsi, idman zədələrinin qarşısının alınması və müalicəsi və s. kimi məsələlərdən də bəhs olunub.

Tehsil-press.az


Oxşar xəbərlər