BDU-nun Elmi Kitabxanası İqtisadiyyat və Humanitar Kollecin kitabxanasına 153 adda kitab hədiyyə edib

BDU-nun Elmi Kitabxanası İqtisadiyyat və Humanitar Kollecin kitabxanasına 153 adda kitab hədiyyə edib Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə İqtisadiyyat və Humanitar Kollecin kitabxanasına 153 adda 500 nüsxədən çox kitab hədiyyə edib.
Hədiyyə olunan kitablar arasında Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, tarixi, kitabxana işi, pedaqogika, ekologiya, coğrafiya, təhsil, siyasət, həmçinin iqtisadiyyat, menecment, bank işi, makro və mikroiqtisadiyyata aid ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq miqyaslı akademik nəşrlər, dərsliklər də yer alıb. Kitabxanaya hədiyyə olunan ensiklopediyalar, müxtəlif məzmunlu lüğət və soraq-məlumat nəşrləri yalnız tələbələrin deyil, kollecin müəllim heyətinin də informasiya tələbatının ödənilməsinə töhfə olacaq.
Elmi Kitabxana hər il fevralın 14-də kitab bağışlama aksiyası keçirir. Kitabxana bu il də ənənəyə sadiq qalaraq yeni çapdan çıxmış BDU nəşrlərini aksiya iştirakçılarına hədiyyə edib.
BDU Elmi Kitabxanasının əməkdaşları kollecin kitabxanasının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təcrübə mübadiləsi aparıblar. Aksiya çərçivəsində BDU əməkdaşları kollecin Heydər Əliyev lektoriyası ilə tanış olublar.
Xatırladaq ki, ötən il fevralın 14-də Bakı Dövlət Universitetinin Elmi Kitabxanası Lənkəran Dövlət Universitetinin kitabxanasına ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitləri hədiyyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər