Arxangelsk ali məktəbində Fərman Salmanov adına laboratoriya açılıb

Arxangelsk ali məktəbində Fərman Salmanov adına laboratoriya açılıb Arxangelsk şəhərindəki M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetində (ŞAFU) bizim həmvətənimiz, görkəmli alim, tədqiqatçı, geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun adını daşıyan laboratoriya açılıb.
Tədris məqsədilə müasir proqram təminatı ilə təchiz olunmuş bu laboratoriyanın yaradılması ŞAFU-nun rektoru Yelena Kudryaşovanın və “Arxangelsk vilayəti Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Tərlan Qasımovun xidmətidir.
Laboratoriyanın açılış mərasimində Arxangelsk vilayəti hökuməti sədrinin müavini Viktor İkonnikov, Arxangelsk vilayəti məclisinin deputatları, ŞAFU-nun, Arxangelsk vilayəti hökumətinin, Azərbaycanın RF-dəki səfirliyinin, Diasporla İş üzrə Azərbaycan Dövlət Komitəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, S.Orconikidze adına Moskva Dövlət Geoloji Kəşfiyyat Universitetinin rəhbərləri, “N.K.Baybakov adına iqtisadi inkişafa dəstək fondu” Beynəlxalq İctimai Fondunun nümayəndələri, alimlər və mühəndislər iştirak ediblər.
Neft-qaz yataqlarının işlənməsinin kompüter vasitəsilə layihələndirilməsi laboratoriyasına bizim həmvətənimiz, məşhur geoloq, Sibir neftini kəşf etmiş Fərman Salmanovun adı verilib. Neft-qaz sahəsində, o cümlədən müasir süni intellekt sistemlərindən istifadə edilməklə, geoloji-texnoloji məlumatların modelləşdirilməsi, layihələndirilməsi və işlənməsi üçün nəzərdə tutulan laboratoriyada quraşdırılmış müasir proqram təminatı vasitələri (TNavigator, Eclipse, Petrel, Pipesim, OLGA) neft sahəsində yüksək ixtisaslı kadrlar hazırlamağa, universitetin məzunlarının əmək bazarında rəqabət qabiliyyətini və onlara tələbatı artırmağa şərait yaradacaq.
Laboratoriyanın yaradılması bu ali məktəbin tələbələrinin müasir avadanlıqlardan və proqram təminatı vasitələrindən istifadə etməklə praktiki işlər, kurs layihələri və elmi tədqiqat işləri yerinə yetirmələrinə, universitetin məzunlarının istehsalatda qısa müddətdə adaptasiya olunmalarına imkan verəcək.

Tehsil-press.az


Oxşar xəbərlər