Çin universitetinin təşkil etdiyi seminarda Azərbaycana dair təqdimat keçirilib

Çin universitetinin təşkil etdiyi seminarda Azərbaycana dair təqdimat keçirilib Çin Xalq Respublikasının nüfuzlu Cıcian Pedaqoji Universitetinin ev sahibliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilən inkişaf etməkdə olan ölkələrin təhsil sektorunda çalışan gənc və orta yaşlı məsul şəxslər üçün seminar çərçivəsində Azərbaycanın təqdimatı təşkil olunub.
Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Sadiq Qaçayev ölkəmizin təhsil sistemi, təhsil səviyyələri, təhsil sahəsində həyata keçirilən layihələr və xüsusilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında geniş məlumat verib. Qeyd olunub ki, hazırda Azərbaycan təhsil sahəsində dünyanın bir sıra ölkələri ilə yaxından əməkdaşlıq edir. Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində həm universitetin, həm də Azərbaycan hökumətinin tam təqaüdləri ilə təhsil alır, əldə etdiyi bilik və təcrübəni Azərbaycanın siyasi, iqtisadi, sosial inkişafına töhfə olaraq bölüşür. Eyni zamanda, hökumətlərarası təqaüd proqramları çərçivəsində müxtəlif ölkələrlə tələbə mübadilələri həyata keçirilir ki, bu da həmin dövlətlərlə Azərbaycan arasında dostluq münasibətlərinin güclənməsinə kömək edir.
Çinin Yanşan Universitetinin doktorantı olan S.Qaçayev şəxsi təcrübəsi əsasında həmin proqramın əhəmiyyəti haqqında danışıb. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Azərbaycanla təhsil sahəsində mümkün əməkdaşlıq sahələri haqqında məlumat verilib.
Qeyd edək ki, martın 16-da başlayan və 29-dək davam edəcək seminarda dünyanın 6 ölkəsində təhsilin bütün səviyyələri üzrə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan 40-dan çox nümayəndə iştirak edir. Azərbaycanı Təhsil Nazirliyindən və tabe qurumlarından Sadiq Qaçayev, Elmir Bədəlov, İlhamə Qasımzadə, Səbinə Hacızadə və Şəlalə Mahmudova təmsil edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər