Qazaxıstanlı alim Əlyazmalar İnstitutunda saxlanılan yazılı abidələr üzərində işləmək niyyətindədir

Qazaxıstanlı alim Əlyazmalar İnstitutunda saxlanılan yazılı abidələr üzərində işləmək niyyətindədir Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nəzdində fəaliyyət göstərən Yazılı abidələr və mənəvi irs elmi-tədqiqat mərkəzinin əməkdaşı Omir Tuyakbayev AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olub.
İnstitutun baş direktoru akademik Teymur Kərimli ilə görüşdə qonaq təmsil etdiyi elmi-tədqiqat mərkəzinin 2021-ci ildən XVI əsrdə qazax hakimi Kuçkunci xanın şəxsi həkimi olmuş Sultan Əli əl-Xorasani tərəfindən qələmə alınmış “Dəstur əl-ilac (Şəfa ənənələri)” adlı tibbi traktatın tədqiqi ilə məşğul olduğunu deyib. O, Əlyazmalar İnstitutunun fondunda qorunub saxlanılan tibb elmlərinə dair yazılı abidələr, eləcə də “Dəstur əl-ilac” əsərinin nüsxələri üzərində işləmək istədiyini bildirib. Alim, həmçinin gələcəkdə Əlyazmalar İnstitutu ilə Qazaxıstan Milli Universiteti arasında müştərək elmi layihələrin icrasının mümkünlüyünü vurğulayıb.
Ezamiyyət müddətində qazaxıstanlı alim Əlyazmalar İnstitutunda yeni yaradılmış Türk dünyası türkdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları ilə də görüşüb. Omir Tuyakbayev orta əsrlərdə və yeni dövrdə türk dünyasında hökmdar sarayları üçün yazılmış tibnamələrin kompleks tədqiqi məqsədilə monoqrafiya hazırlamaq planının olduğunu diqqətə çatdırıb və bu tədqiqat əsərində qonağı olduğu institutun materiallarından da istifadə edə biləcəyini vurğulayıb.
O, Türk dünyası türkdilli əlyazmaların tədqiqi şöbəsinin şöbə müdiri filologiya elmləri doktoru Aygül Hacıyevaya cığatay dilində qələmə alınmış tibbə dair bir neçə əlyazmanın elektron surətini hədiyyə edib. Nüsxə institutun Elektron resurslar şöbəsinin elektron bazasına daxil edilib.

Tehsil-press.az


Oxşar xəbərlər