
Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyilə təşkil olunan səfər zamanı AzMİU-nun professorları Zahidə Məmmədova, Səbinə Hacıyeva və Yeganə Hacıyeva tələbələri Şuşa şəhərinin işğaldan əvvəlki vəziyyəti barədə məlumatlandırıblar. Onlar şəhərin memarlıq xüsusiyyətləri, tarixi memarlıq abidələri, 30 ilə yaxın işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işlərindən danışıb, Şuşa şəhərinin yeni baş planı barədə ətraflı məlumat veriblər. Səfər zamanı tələbələr buradakı tarixi məhəllələr, məscidlər, bulaqlar, xan qızı Natəvanın, Mehmandarovların evi, Şuşa Real Məktəbi, Bülbülün ev-muzeyi, Gəncə qapısı ilə tanış olub, Cıdır düzündə foto və videolar çəkiblər.
Layihənin son mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri müvafiq komissiya tərəfindən qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin sahibləri müəyyən ediləcək. Qalib tələbələr qiymətli mükafatlar, digər iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaq.
Qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi müvafiq sahə üzrə məlumatlılığın çoxaldılmasını, tarixi-memarlıq abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılmasını, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilini nəzərdə tutur.
Tehsil-press.az