Alim ömrü, müəllim sevinci

Alim ömrü, müəllim sevinci Bakı Slavyan Universitetinin pedaqogika və psixologiya kafedrasının professoru, pedaqogika üzrə elmlər doktoru Kərim Alı oğlu Məmmədovun anadan olmasının 85, əmək fəaliyyətinin isə 60 ili tamam olur. Birgə fəaliyyətdə Kərim müəllimi yaxşı tanıdığım üçün onun haqqında oxuculara məlumat vermək qərarına gəldim. Professor K.A.Məmmədov 1937-ci il iyun ayının 13-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Aşağı Güləver kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi rayonunun Darvaz kənd orta məktəbində, ali təhsilini isə Bakı şəhəri M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda almışdır (1958-1963). 1962/1963-cü tədris ilində ali məktəbin beşinci kursunda oxuyarkən ucqar kənd məktəblərində rus dili ixtisası üzrə kadr çatışmazlığı ilə bağlı çağırışa qoşularaq o, Azərbaycanın Daşkəsən rayonunun Zinzahal kənd orta məktəbinə müəllim təyin edilmişdir.
1963-cü ildə Gürcüstan Respublikası Maarif Nazirliyinin tələbinə əsasən doğma kəndinə müəllim təyin edilmişdir. Fəaliyyətinin ilk günlərindən məktəbin ictimai işlərində də fəal iştirakı ilə seçilmişdir. Məktəb komsomol təşkilatının katibi seçilmiş, şagirdlərin iştirakı ilə idman meydançası düzəltdirmiş, siniflər arasında futbol, voleybol yarışları keçirmiş, özfəaliyyət dərnəklərinin canlanmasına yardım etmişdir. 1964/1965-ci tədris ilində əməkdə və ictimai işlərdə fəallığına görə təzə açılmış qonşu Babakişilər kənd səkkizillik məktəbinə direktor təyin olunmuşdur. Dörd il bu məktəbdə direktor vəzifəsində çalışdıqdan sonra könüllü olaraq həmin vəzifədən imtina etmişdir. Bu qərarının səbəbini Kərim müəllim belə izah edir: “İşlədikcə gördüm ki, məni elmi işlə məşğul olmaq, araşdırmalar aparmaq daha çox maraqlandırır. Qərara gəldim ki, mövzu götürüb dissertasiya müdafiə edim. Bu məqsədlə Bakıdakı Elmi Tədqiqat Pedaqogika İnstitutunda kiçik elmi işçi vəzifəsinə vakant yer olduğunu bilib ora müraciət etdim. Direktor vəzifəsindən azad olunmağım üçün Maarif şöbəsinə ərizə ilə müraciət etdim. Mən işi təhvil verib Bakıya qayıdana kimi kiçik elmi işçi vəzifəsinə başqası təyin edildi. Bu səbəbdən Sumqayıt şəhər Komsomol Komitəsində işə başladım. İşimdə göstərdiyim fəallıq Komitənin birinci katibi G.S.Rzayevin gözündən yayınmadı. Mənə milis orqanlarında işləməyi təklif etdi. Lakin mən minnətdarlığımı bildirərək təklifi qəbul etmədim, çünki məqsədim elmi araşdırmalar aparmaq, Azərbaycan elminə fayda vermək idi. Xoş bir təsadüf nəticəsində gözəl insan, alım, müdrik rəhbər, məni tələbəlik illərindən tanıyan M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun pedaqogika kafedrasının müdiri Qulam Kərim oğlu Məmmədovla görüşdüm. 1968-ci il sentyabr ayında o məni işə qəbul etdi. O zamandan bu günə kimi həmin kafedrada işimi davam etdirirəm”.
Kərim müəllim fəaliyyətinin ilk aylarından elmi araşdırmalar aparmağa başladı. 1980-ci ildə namizədlik, 2008-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini aldı. Namizədlik dissertasiyası müdafiə etdikdən sonra institut rəhbərliyi ona bir neçə dəfə vəzifə də təklif etdi. Lakin o, doktorluq dissertasiyası üzərində işlədiyi üçün təklifləri qəbul etmədi. Azərbaycanda, Rusiyada, Gürcüstanda elmi konfranslarda çıxış etdi, məqalələr çap etdirməyə başladı.
O, yüzdən çox elmi və publisistik məqalələrin, ikisi rus dilində, dördü isə Azərbaycan dilində olan altı kitabın müəllifidir. Onun Azərbaycan türkcəsi ilə çap olunmuş dörd kitabı Elmin İnkişafına Dəstək ictimai birliyinin xətti ilə sosial şəbəkələrə daxil edilmiş, bütün türk dünyasına yayılmışdır (bax: aqra.az; manera.az). Həmin kitablardan üçü - “Türk xalqlarının pedaqoji fikir tarixindən nümunələr” (Bakı, Mütərcim 2017), “Elmi-tədqiqat işlərinin metodikası” (Bakı, Mütərcim 2019), “Müstəqillik dövrümüzün pedaqoji problemləri” (Bakı, Zəngəzurda, 2020) pedaqoji universitetlərin magistr pilləsində dərslik və dərs vəsaiti kimi istifadə edilir.
Onun “Şərq pedaqoji fikir tarixindən nümunələr” əsəri 2014-cü ildə Anadolu türkcəsinə çevrilmiş, İstanbul şəhəri “Çağdaş” mətbəəsində nəşr edilmişdir.
Professor Kərim Məmmədovla birlikdə Tələbə Qəbulu Komissiyasında magistr pilləsi üzrə ekspert qismində çalışmışıq. Bu dövrdə o, minlərlə testi Azərbaycan dilindən rus dilinə, rus dilində çap olunmuşları isə Azərbaycan dilinə tərcümə etmişdir.
Kərim müəllimlə dörd il Prezident yanında Ali Attestasiya Komissiyasında ekspert qismində fəaliyyət göstərmişik. Onun dissertasiyalara verdiyi rəylər prinsipiallığı və obyektivliyi ilə diqqəti cəlb etmişdir.
Professor Kərim Məmmədovun onlarla magistr və doktorantın yetişməsində böyük əməyi var. Onun elmi rəhbəri olduğu xeyli sayda tələbə magistr və doktorant pilləsində elmi işini müvəffəqiyyətlə tamamlamış və müdafiə etmişdir. Doktorantlarından ikisi isə elmi işlərini müdafiə etmək üçün növbədədir. Hazırda onun rəhbərliyi ilə on doktorant fəaliyyətini davam etdirməkdədir.
Kərim müəllim həm də xeyli sayda publisistik məqalələrin müəllifidir. Publisistikanın aktual problemlərinə toxunduğu üçün o, 22 iyun 2011-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın Nüfuzlu Ziyalısı” fəxri diplomu ilə təltif edilmişdir.
Kərim müəllim şeir yazmaqda da qələmini sınayır. Onun qəlbi oxşayan müxtəlif mövzuda şeirləri mətbuatda dərc edilir. Şeirlərinin bir qismi Qarabağdakı hadisələrə həsr olunmuşdur. İkinci Vətən müharibəsi başlamamışdan əvvəl “Yurd sevgisi” qəzetində dərc edilmiş “Ey zalım fələk” (15 iyun 2020-ci il) şeirində o yazır:

Kərimə tez çatdır zəfər sorağın,
Yandır Qarabağın sönmüş çırağın.
Alovlandır yurdun odun, ocağın,
Car eylə sevinci, ey zalım fələk.

Bütün Azərbaycan xalqının, o cümlədən də Kərim müəllimin bu arzusu 44 günlük müharibədən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində reallaşdı.

“Qarabağnamə” şeirinin bir bəndində o yazır:
Şimaldan, cənubdan zərbələr aldın,
Parçalandın, paralandın - sağ qaldın,
Çiçəkləndin, pərvazlandın, ucaldın.
Sınmayan, bərkiyən, dayanan torpaq,
Ey şəhid qanına boyanan torpaq.

Qələbəmizə həsr edilmiş “Yaşa, yenilməz ordumuz!” şeirinin bir bəndində oxuyuruq:

Aslantək meydana girdin,
Ohanyan səddini yardın,
Hayların boynunu vurdun,
Yaşa, yenilməz ordumuz!

Kərim müəllim nəvəsi Cəmil Əsədzadəni 7 oktyabr 2020-ci ildə hərbi qulluğa yola salarkən ona yazdığı “Vur, qəhrəman əsgərim” adlı şeiri ilə xeyir-dua verdi:

Səbrimiz tükənmiş daha,
Dözmürük naləyə, aha.,
Qisası qoyma sabaha,
Vur, qəhrəman əsgərim, vur!

“Başını dik tut, şəhid atası” şeirində Kərim müəllim əsgərlərimizin şücaətindən bəhs edərək, şəhidlərin uca zirvələr fəth etməsindən, onların daim qəlblərdə yaşayacağından ürək dolusu danışır.
Kərim müəllim saz sənətinin vurğunudur. “Dillən, telli sazım”, “De, gəlsin” şeirlərində saz havalarının ritminə uyğun söz seçmə bacarığı onun zəngin estetik zövq və duyumundan xəbər verir. O yazır:

“Yanıq Kərəmi”ni dindir,
Mələkləri göydən endir,
Eşqın atəşini söndür,
Dillən, telli sazım, dillən.

Və ya:

Səslənsin “Cəngi Koroğlu”,
Nərə çəksin qoç Koroğlu,
Meydan alsın Dəmirçioğlu,
Dillən, telli sazım, dillən.

K.Məmmədov təmsil yazmaqda da qələmini sınadı. “Qarğa və Bülbül” , “Qartal, bülbül və köpək”, “Novator xoruz” təmsilləri oxucular tərəfindən rəğbətlə qarşılandı.
Kərim müəllim bu gün də əmək fəaliyyətini ləyaqətlə yerinə yetirir. Çalışdığı universitetdə, digər ali məktəblərdə dissertasiya işlərinin müzakirələrində fəal iştirak edir, opponent qismində çıxışlar edərək, elmə öz töhfəsini verməyə davam edir.
Çalışdığı universitetin 70 illik yubileyi ərəfəsində səmərəli fəaliyyətinə görə o, “Tərəqqi” medalına layiq görülmüşdür.
Əziz dostum Kərim müəllimi 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirəm.

Müseyib İLYASOV,
Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru, professor

Oxşar xəbərlər