Mədəniyyət və İncəsənət Universitetində tədbir: Elmin kitab keşikçisi

Mədəniyyət və İncəsənət Universitetində tədbir: Elmin kitab keşikçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun 70 illik yubileyinə həsr olunmuş “Elmin kitab keşikçisi” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova Kərim Tahirovun Azərbaycanda görkəmli kitabxanaşünas alim, eyni zamanda, kitabxana işinin təşkilatçısı kimi tanındığını söyləyib. Rektor qeyd edib ki, yetmiş illik yubileyi münasibətilə Kərim Tahirovun Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması alimin fəaliyyətinə dövlətimiz tərəfindən verilən yüksək qiymətdir.
ADMİU-nun Turizm və kitabxana-informasiya kafedrasının müəllimi Kəmalə Məmmədova K.Tahirovun kitabxanaçılıq elminin və sənətinin inkişafındakı rolundan bəhs edib, onu bu sahədə yetişən və yetişməkdə olan nəslin ustadı kimi dəyərləndirib.
BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov bildirib ki, alimin elmi-tədqiqat və təşkilatçılıq fəaliyyətində ümummilli lider Heydər Əliyevin kitabxanaçılıq-informasiya sahəsi üzrə irsinin tədqiqi, bibliometrik təhlili və təbliği aparıcı xətt təşkil edir. Onun rəhbərliyi ilə Ulu Öndərə həsr olunmuş fundamental biblioqrafiya və eyniadlı biblioqrafik məlumat bazası hazırlanıb. N.İsmayılov alimin Azərbaycanda kitabxana işinin hüquqi bazasının yaradılmasındakı rolu, Milli Kitabxananın elektronlaşdırılması platformasının həyata keçirilməsindəki xidmətləri, ölkəmizdə elm, mədəniyyət və ədəbiyyatşünaslıq üzrə biblioqrafik vəsaitlər sisteminin formalaşması sahəsindəki səmərəli fəaliyyəti haqqında da məlumat verib.
ADMİU-nun prorektoru professor Gülşən Əliyeva-Kəngərli, Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, professor Əli Əmirli və digər çıxış edənlər Kərim Tahirovun elmi-pedaqoji və uğurlu idarəetmə fəaliyyətindən söz açıblar.
Kərim Tahirov onun əməyinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, eyni zamanda, tədbirin təşkilinə görə ADMİU rəhbərliyinə təşəkkürünü çatdırıb.
Tədbirdə Kərim Tahirovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər