
Ali məktəbi bitirdikdən sonra təyinatla İsmayıllı rayonuna göndərilmiş, həmin rayonun Qalacıq kənd orta məktəbində (1980-1981) və 1-№li Qələyə kənd qiyabi məktəbində (1983-1985) ixtisası üzrə müəllim işləmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir. V.İ. Lenin adına ADPİ-nin (indiki ADPU-nun) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının SSRİ xalqları ədəbiyyatı (Azərbaycan ədəbiyyatı) ixtisası üzrə əyani aspirantı olmuşdur (1985-1988). Professor Məmməd Məmmədovun elmi rəhbərliyi ilə “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyası yazmış, həmin dissertasiyanı müdafiə edərək ( 14.IV.1989) filologiya elmlər namizədi elmi dərəcəsi almışdır.
Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağlıdır. O, həmin universitetin “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi (1990-1992) və baş elmi işçi (1992-1994) vəzifələrində çalışmış, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1994-1998) işləmişdir. Daha sonra həmin kafedrada dosent (1998-2003) vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən universitetdə yeni yaradılmış Folklor və qədim dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsini tutmuşdur (2003-2011). İki kafedra birləşdiyi üçün yenidən Azərbaycan ədəbiyyatı tarixı kafedrasında (2011-2015) calışmışdır. 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında işləyir. 2017-ci ildən həmin kafedrada professor vəzifəsini tutur.
Y.Babayev “Anadilli Azərbaycan şeirinin poetikası (XIII-XIV əsrlər)” möv-zusunda doktorluq dissertasiyası üzərində işləmiş və həmin dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır (2011).
Y.Babayev daha çox orta əsrlər klassik ədəbiyyatımızın tədqiqi ilə məşğuldur. Onun 1 dərsliyi, 2 dərs vəsaiti, 4 fənn proqramı, 2 monoqrafiyası, 4 toplama və tərtib kitabı, 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi işıq üzü görmüşdür. Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Ukrayna kimi öl-kələrdə onun klissik ədəbiyyatımızın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi dərc olunmuşdur. Uzun illərdir ki, Mədəniyyət TV-də efirə çıxan “Məclisi-üns” verlişində bir mütəxəssis kimi çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin(AYB) üzvüdür. Ədəbiyyatşünaslıq sahəsindəki səmərəli fəaliyyətinə görə 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür. Bu günlərdə Mədəniyyət Nazirliyinin nüfuzlu “Qızıl kəlmə” mükafatına layiq görülmüşdür.
Bu münasibətlə Yaqub müəllimi ürəkdən təbrik edir, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində və yaradıcılıqda yeni-yeni uğurlar arzulayırıq.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

