ADU-nun əməkdaşı fəxri ada layiq görüldü

ADU-nun əməkdaşı fəxri ada layiq görüldü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının təhsil işçilərinəfəxri adların verilməsi haqqında”Sərəncam imzalayıb.
Azərbaycan Dillər Universitetinin (ADU) II Xarici dil kafedrasının professoru, hörmətli Dilarə İsmayılovaAzərbaycan təhsilinin inkişafında xidmətlərinə görə fəxri adla təltif edilən təhsil işçiləri sırasındadır.
Prezidentin müvafiq Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülən Dilarə İsmayılova Bakı şəhərində anadan olub. O, 1962-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub. Tələbəlik illərində o, öz biliyi, yüksək ictimai bacarığı və qabiliyyəti ilə digər tələbə yoldaşlarından fərqlənib. Böyük təşkilatçılıq qabiliyyəti olan Dilarə İsmayılova həm institut, həm də respublika nəzdində keçirilən bütün tədbirlərdə fəal iştirak edib. O, tələbə ikən institut onu 1967-ci ildə Hindistana tərcüməçi kimi göndərib.
1968-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirən Dilarə İsmayılova elə həmin ildən institutda müəllim kimi fəaliyyətə başlayıb. 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun aspiranturasına qəbul olub. 1975-ci ildə aspiranturanı bitirən Dilarə İsmayılova tərcüməçi işləmək üçün Misir Ərəb Respublikasının səfirliyinə göndərilib. İki il səfirlikdə tərcüməçi vəzifəsində işlədikdən sonra o, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim, daha sonralar isə baş müəllim vəzifəsində çalışmaqla öz pedaqoji fəaliyyətini davam etdirib.
Həm də yaşadığı Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirak edərək 1969-cu ildə D.İsmayılova Nərimanov rayonu üzrə millət vəkili seçilib.
1986-cı ildə Dilarə İsmayılova Moskva şəhəri SSRİ Pedaqoji Elmlər Akademiyası nəzdində olan Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda gərgin əməyin bəhrəsi olan dissertasiya işini müdafiə edib.
1989-1999-cu illərdə Dilarə İsmayılova Azərbaycan Dillər Universitetinin İkinci ixtisas ingilis dili kafedrasının müdiri, 1999-2012-ci illərdə isə Praktik ingilis dili kafedrasının müdiri vəzifəsində çalışıb.
2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilib.
3 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınının qərarı ilə Dilarə İsmayılova II Xarici dil kafedrası üzrə Professor elmi adını alıb.
Dilarə İsmayılova 100-dən artıq elmi məqalənin, o cümlədən 4 dərslik, 1 monoqrafiya, 1 lüğət, 2 fənnproqramının və metodiki işləmələrin müəllifidir, xaricdə bir neçə məqalələri çap olunub.
Dilarə İsmayılova respublika və beynəlxalq səviyyəli elmi konfranslarda öz elmi məqalələri ilə çıxış edib, həmçinin ADU-da keçirilən bir çox konfransların təşkilatçısı və bölmə rəhbəri olub.
O, bir sıra yerli və beynəlxalq təlim kurslarında iştirak edib və sertifikat alıb.
İşlədiyi müddət ərzində təhsildə əldə etdiyi nailiyyətlərə görə universitet rəhbərliyi tərəfindən təşəkkürlərə və fəxri fərmanlara layiq görülüb. O, 2002-ci ildə “Vektor” Beynəlxalq Elmi Mərkəzinin Beynəlxalq Diplomu ilə təltif olunub.
ADU kollektivi alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə professor-müəllim heyətinin, o cümlədən tələbələrin hörmət və məhəbbətini qazanmış II Xarici dil kafedrasının professoru Dilarə İsmayılovanı “Əməkdar müəllim” fəxriadınalayiq görülməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər