Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək 21 avqust 2022-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün https://eservices.dim.gov.az/brxv linkinə daxil olaraq çap edə bilərlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Məlumat üçün bildirilib ki, imtahanın II mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib. Onlardan 282 nəfəri oğlan, 600 nəfəri qızdır. 745 namizəd Azərbaycan bölməsinin, 137 namizəd rus bölməsinin, 369 namizəd cari ilin, 513 namizəd isə əvvəlki illərin məzunudur, 6 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd: Bu mərhələdə iştirak edəcək 882 nəfərdən 618 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 264 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Tehsil-press.az



Oxşar xəbərlər