BDU və Ankara Universiteti biotexnologiyanın tətbiqi üzrə birgə fəaliyyət göstərəcək

BDU və Ankara Universiteti biotexnologiyanın tətbiqi üzrə birgə fəaliyyət göstərəcək Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Ankara Universitetinin Texnoparkının Kənd Təsərrüfatı, Heyvandarlıq və Qida Mərkəzində görülən işlərlə tanış olub.
Görüş zamanı Ankara Universitetinin Texnoparkının iş prinsipləri, sənaye müəssisələri ilə universitetlərin əməkdaşlıq modelləri, elmi nailiyyətlərin sənayedə tətbiqi, sənayedə mövcud olan texniki problemlərin həllinə istiqamətlənmiş elmi-praktik tədqiqatların universitetlərdə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd olunub ki, Ankara Universitetinin Texnoparkında sağlamlıq sahəsində tematik strukturlaşmaya dair işlər aparılır. Kənd Təsərrüfatı, Heyvandarlıq və Qida Mərkəzi yeni texnologiyalar istehsal edir. Bu laboratoriyalar tematik sahələrə xas olan konsepsiyanın yoxlanılması mərhələsi - sınaqları üçün platformadır. Laboratoriyalarda, həmçinin sertifikatlaşdırma üçün akkreditə olunmuş sınaq və təhlil xidmətləri təqdim olunur.
Kənd təsərrüfatı, heyvandarlıq və qida sektorlarında aparılacaq genom tədqiqatları üçün lazımi infrastrukturu təmin etməsi sayəsində qabaqcıl sahibkarlar tərəfindən seçim ediləcək qurum olan mərkəz Ankara Universitetində bu sektorlara xas inkubasiya proqramı hazırlayır və həyata keçirir.
Ankara Universiteti və BDU arasında biotexnologiyanın kənd təsərrüfatı, qida təhlükəsizliyi və tibb sahəsində tətbiqi istiqamətində birgə fəaliyyətin təşkil edilməsi barədə ilkin razılıq əldə olunub.
Hazırda Ankara Universitetinin nəzdində olan texnoparklarda fəaliyyət göstərən biotexnologiya şirkətləri ilə əməkdaşlıq modelləri üzərində fikir mübadiləsi aparılıb. BDU-nun akademik heyətinin həmin biotexnologiya şirkətlərində praktiki təlimlərdə iştirakı, universitetin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinə biotexnologiya şirkətləri və bu sahədə fəaliyyət göstərən akademik heyətin cəlb edilməsi müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər