Rektor Cəfər Cəfərov Milli Qəhrəmanın tələbə adı qazanan qızı ilə görüşüb

Rektor Cəfər Cəfərov Milli Qəhrəmanın tələbə adı qazanan qızı ilə görüşüb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidova ilə görüşüb.
Əzizə bu il qəbul imtahanlarında uğurlu nəticə əldə edib və Pedaqoji Universitetin ibtidai sinif müəllimliyi ixtisasını seçib.
Rektor qeyd edib ki, Şükür Həmidov kimi igidlərimiz sayəsində bu gün Vətənimiz azaddır. Biz hər birimiz şəhidlərimizə borcluyuq və Milli Qəhrəmanımızın yadigarının təhsilini bizim universitetdə davam etdirəcəyindən qürur duyuruq.
Şükür Həmidovun ibrətamiz həyat yolundan danışan rektor onun Aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi misilsiz şücaətlərdən söz açıb və qəhrəmanın bizlərə əmanət olan övladının ADPU-da yüksəkixtisaslı müəllim kimi yetişəcəyinə əmin olduğunu ifadə edib.
Pedaqoji Universitetin ölkəmizin ən böyük, qədim və yüksək nüfuza malik ali məktəblərindən biri olduğunu vurğulayan C.Cəfərov bildirib ki, son illər ərzində aparılan məqsədyönlü dövlət siyasətinin və ADPU-da icra olunan islahatların nəticəsində müəllim peşəsinin nüfuzu sürətlə artır. Cari ildə ADPU-nun qəbul planı tam dolub, universitetə kifayət qədər yüksək balla tələbə qəbul edilib.
Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Əzizəni təbrik edərək onun ADPU-da təhsil alması üçün hərtərəfli tədris və zəngin tələbə mühitinin olduğunu vurğulayaraq, universitetin sosial həyatı haqqında məlumat verib.
İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov fakültə haqqında danışaraq qəhrəmanımızın övladının əmin əllərdə olduğunu bildirib.
Görüşdə iştirak edən Şükür Həmidovun qardaşı Əsəd Həmidov göstərilən yüksək diqqətə görə təşəkkür edərək bildirib ki, Əzizənin babası Nəriman Şükürov da, anası Könül xanım da müəllimdir. Əzizənin də müəllim olmasının qardaşının ən böyük arzusu olduğunu deyən Ə.Həmidov bunun üçün ən doğru seçimin Pedaqoji Universitet olduğunu qeyd edib.
Qəhrəmanımızın övladı Əzizə də öz növbəsində atasının torpaqlarımızın azadlığı uğrunda şəhid olduğunu və şəhidlərin qanı ilə azad edilən bu müqəddəs Vətənə daha yaxşı xidmət etmək üçün əlindən gələni edəcəyini, təhsilində daim irəlidə olacağını vurğulayıb.
Qeyd edək ki, Milli Qəhrəmanın qardaşı Ə.Həmidovun qızı Gülsüm Həmidova da ADPU-nun ibtidai sinif müəllimliyi ixtisası üzrə eksperimental ingilisdilli qrupun IV kurs tələbəsidir.
Sonda rektor C.Cəfərov Əzizəyə universitetin atributlarını, yubiley nəşrlərini və qiymətli hədiyyələr təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər