BDU-ya yüksək ballarla qəbul olunan birinci kurs tələbələri təəssüratlarını bölüşürlər

BDU-ya yüksək ballarla qəbul olunan birinci kurs tələbələri təəssüratlarını bölüşürlər Qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universitetini (BDU) seçən abituriyentlərin sayı artır. Bu il BDU-ya qəbul olunan tələbələrdən 284-ü 600-dən yuxarı bal toplayıb. 6 nəfər isə qəbul imtahanlarında 670 baldan artıq nəticə göstərib.
BDU ailəsinə yeni qoşulan “yaxşıların ən yaxşıları”nın təəssüratları təqdim olunur:
Hüquq fakültəsinin I kurs tələbəsi Nəcməddin Orucov (687 bal): “BDU-nun Hüquq fakültəsinin tarixi keçmişi və nüfuzu hər kəsə məlumdur. Gələcəkdə güclü mütəxəssis kimi cəmiyyətə fayda vermək, öz ixtisasım üzrə yaxşı biliyə yiyələnmək əsas məqsədimdir”.
Aytac Həsənova (683 bal): “Öz üzərimdə çox işləyərək ixtisaslı kadr kimi yetişmək, gələcəkdə bacarıqlı hüquqşünas olmaq istəyirəm. BDU Azərbaycanın ən nüfuzlu universitetidir, ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumaq mənim üçün şərəflidir. Arzuladığım universitetə 683 balla qəbul olduğum üçün çox sevincliyəm”.
Murad Əsgərov (681 bal): “681 bal toplayanda BDU-nun Hüquq fakültəsinə qəbul olmağa inamım artdı. Təhsilimi müvəffəqiyyətlə başa vurmaq, 2-ci kursdan etibarən “SABAH” qruplarında təhsil almaq əsas hədəflərim sırasındadır. BDU-nu seçməyimdə Hüquq fakültəsində tədrisin ingilis dilində də olması, burada eyni ixtisas üzrə təhsil alan dostlarımın tövsiyəsi mühüm rol oynayıb. Məzun olduqdan sonra xaricdə magistratura təhsili almaq niyyətindəyəm”.
Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Alsu Mehdiyeva (677 bal): “İxtisasımla bağlı hədəfim müəllimlərimin mənə öyrətdiklərini gələcəkdə öz şagirdlərimə aşılamağı, riyaziyyatı onlara sevdirməyi bacarmaqdır. BDU ölkəmizin ən yaxşı təhsil verən universitetlərindən biridir. Təhsilimi gələcəkdə magistratura, doktorantura səviyyələrində davam etdirmək istəyirəm. Xüsusilə rektor Elçin Babayev və dəyərli müəllimlərlə görüş məni çox sevindirdi. Bizə olan diqqət və qayğını gördükcə ən doğru qərarı verdiyimə bir daha əmin oluram. Çox xoşbəxtəm ki, mən də BDU ailəsinin bir üzvü oldum”.
Elnur Behputov (673 bal): “BDU-nun Hüquq fakültəsinə 673 balla qəbul olmaqla ilk hədəfimə çatdım. Növbəti illər üçün əsas məqsədim bakalavriat pilləsini uğurla bitirib, yaxşı kadr, hüquqşünas olmaq niyyətindəyəm”.
Şəhriyar Yusubov (670 bal): “670 balla BDU-nun Hüquq fakültəsinə qəbul olmuşam. Təhsilimi ingilis bölməsində alacağam. BDU Azərbaycanın ən böyük təhsil müəssisəsi və dünya universitetləri arasında yeri olan ali məkandır. Gələcəkdə xaricdə magistratura təhsili almaq arzusundayam”.

Tehsil-press.az

Oxşar xəbərlər