“Hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı olmaqdan qürur duyur”

“Hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı olmaqdan qürur duyur” “Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr-Anım Günündə Füzuli rayonuna səfərləri zamanı xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra ölkə Prezidenti çıxışında bir daha keçilən yola nəzər salaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı Vətən müharibəsi dövründə bütün gücünü səfərbər edib bir yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, igidliyi, şücaəti sayəsində azad edilmiş torpaqlarda biz bu gün qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həm də şanlı Zəfərimizlə qürur duyuruq”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə Füzuliyə səfərinin rəmzi mənası vardır:
“Ona görə ki, Azərbaycan əsgəri məhz bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq Zəfər yürüşünə başladı. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Vətən müharibəsində ilk şəhidlərimizi də məhz bu torpaqda verdik. Bu gün şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb. 30 il erməni vəhşiliyinə, vandallığına tuş gələn bu torpaqlarımız hazırda yenidən qurulur, müasir yeniliklər bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı olmasından qürur duyur. Dövlət başçısı, qalib Sərkərdə İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi Zəfərimizdən bəhs edərkən Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirir. Möhtərəm Prezidentimiz Füzulinin Qaraxanbəyli kəndində işıqlı sabahımıza çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə sərt xəbərdarlıqları ilə zəngin olan çıxışında xalqımızın xoşbəxtliyinin digər mühüm məqamını da açıqladı:
“Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
YAP Xətai rayon təşkilatının sədri belə bir mühüm məqama da diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günündə Füzuli rayonu ilə yanaşı, mədəniyyət paytaxtımız, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərində də oldular:
“Ümumilikdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfərləri bu ərazilərin bərpa və quruculuğunda yeni mərhələnin başlanmasından xəbər verir. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Təkcə ötən ilin statistikasına müraciət etdikdə görürük ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 32 səfəri olmuşdur ki, bunun 7-si mədəniyyət paytaxtımız Şuşaya reallaşmışdır. Bu ilin ötən dövründə həmin ərazilərə səfərlərin sayı daha da artıb. Bu səfərlərlə yanaşı, Qarabağın tacı Şuşa iqtisadi, siyasi, humanitar mərkəz kimi mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Artıq Şuşa Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək hazırkı dövrün əsas məsələsi olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə bağlı sənədlərin imzalanmasına da şahidlik edib. Bu mühüm addım bir daha təsdiqlədi ki, Azərbaycanın bölgələri də malik olduğu imkanları ilə dünyanın diqqətindədir”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Şuşada görülən işlər Müzəffər Ali Baş Komandanın mədəniyyət paytaxtımızın işğaldan azad edildiyi gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” çağırışlarının reallıqda öz təsdiqini tapdığını göstərir:
“Prezidentin xüsusi nümayəndəliyinin ilk olaraq Şuşada yaradılması da deyilənlərin təsdiqi, eyni zamanda, bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılmasının göstəricisidir. Görülən hər bir işin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırarkən ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” vədi dayanır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün heç də uzaqda olmadığını göstərir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Tehsil-press.az



Oxşar xəbərlər