Keniya Gürcüstana baobab ağaclarını satmaqdan imtina edib

Keniya Gürcüstana baobab ağaclarını satmaqdan imtina edib Keniyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi Gürcüstana hündürlüyü ən azı 20 metr, gövdəsinin eni bir neçə metr olan və uzunömürlülüyü ilə seçilən baobab ağaclarının satışı ilə bağlı müqaviləni ləğv edib.
Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Bildirilir ki, bir gürcü milyarder hələ 2018-ci ildə Gürcüstanın Dendrari parkı üçün Keniyadan 4 ədəd 250 tonluq baobab ağacları gətirib və Acarıstan ərazisində əkdirib. Bu ağacların təkcə daşınması gürcü milyarderə 850 min ABŞ dollarına başa gəlib.
Bundan sonra milyarder daha bir neçə baobab ağacının alınaraq Gürcüstana gətirilməsi üçün Keniyaya müraciət edib.
Keniyadan hər birinin qiyməti 100-300 min Keniya şillinqi olan (820-2,5 min dollar) daha 8 belə ağacın alınması üçün razılıq əldə olunub və müqavilə imzalanıb. Ağacların yeri də müəyyən olunub, lakin “Afrika Baobablar Alyansı” sənədlərin düzgün tərtib olunmadığını və qiymətlərin bir neçə dəfə aşağı göstərildiyini əsas gətirərək hökumət qarşısında məsələ qaldırıb. Alyans bu müqaviləni “bitki quldurluğu” adlandırıb. Bundan sonra Keniyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Meşəçilik Xidməti müqaviləni ləğv edib.
Qeyd olunub ki, baobab ağaclarını daşımaq üçün xüsusi dəmir konteynerlər hazırlanıb.
Mütəxəssislərin fikrincə, 8 ədəd baobab ağacının alınması və daşınması üçün milyonlarla dollar vəsait lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər