“Türkiyə-Azərbaycan birliyinin zəfəri: davamlı inkişaf və qadın məsələləri” - BDU-da konfrans

“Türkiyə-Azərbaycan birliyinin zəfəri: davamlı inkişaf və qadın məsələləri” - BDU-da konfrans Bakı Dövlət Universitetində (BDU) “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Türkiyənin Qadın və Demokratiya Dərnəyinin (KADEM) birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan birliyinin zəfəri: davamlı inkişaf və qadın məsələləri” adlı konfrans olub.
Tədbir “Türkiyə-Azərbaycan birliyi: davamlı inkişaf, yüksək səviyyəli idarəçilik və qadınların səlahiyyətlərinin artırılması ədalətin təminatı kimi” layihəsi çərçivəsində keçirilib.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu, xalqlarımızı növbəti zəfərlərə apardığını bildirib. Qeyd edib ki, ölkələrimizdə qadınların cəmiyyətin dayağı olduğu həmişə hiss olunur: “Hər iki ölkədə qadınlar bütün sahələrdə aktiv fəaliyyət göstərirlər. Qərb dövlətləri gender bərabərliyi axtarışındadır. Lakin türk dünyasında belə bir problem yoxdur. Bakı Dövlət Universitetində də qadınlar rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərirlər”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Türkiyə ilə Azərbaycanın dostluğunun bütün sahələrdə möhkəm təməllər üzərində qurulduğunu bildirib: “30 illik acıdan sonra Azərbaycan hərbi və siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda Zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsinin imzalanması türk dövlətlərini birləşdirmək üçün atılan addımdır. Bu Bəyannamə Türkiyə-Azərbaycan qardaşlığını, müttəfiqliyini təsdiq edən sənəddir və siyasi iradəmizi əks etdirir”.
Konfransda KADEM-in fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Sonra “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri Xəyalə Məmmədova, KADEM-in təmsilçiləri Ümit Atman, Begüm Esra Aytan təmsil etdikləri qurumların fəaliyyəti ilə bağlı məruzə ediblər. Bildirilib ki, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazını yaratmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək məqsədilə təsis edilib. Sümeyye xanım Erdoğan Bayraktarın rəhbərlik etdiyi KADEM isə yarandığı gündən qadınların ləyaqətlə yaşaya biləcəyi təhlükəsiz cəmiyyət və ədalətli gələcək qurmaq üçün fəaliyyət göstərib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov “Qadın hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq” mövzusunda təqdimatla çıxış edib.
Tədbir bədii hissə ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər