
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli Avropa İttifaqının missiyasının Ermənistana yerləşdirilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından danışarkən deyib.
Deputat bildirib ki, Fransa və Almaniya açıq-aşkar Ermənistanın tərəfini saxlayır: “Qarabağın “status”unun müəyyən olunmasını istəyir, Ermənistan-Azərbaycan danışıqlarında Qarabağın Azərbaycanın daxili işi olduğunu demirlər. İstəyirlər ki, bu da müzakirə obyekti olsun. Halbuki Qarabağ Azərbaycanın daxili işidir. Rusiyanın marağı ilə Azərbaycanın marağı, hardasa, üst-üstə düşür. Amma bu, o demək deyil ki, Azərbaycan Rusiyanın yanındadır, yaxud Azərbaycan Rusiyanın istədiyini deyir. Məsələ başqadır. Rusiya Azərbaycanın istədiyini deyir. Belə yanaşmaq lazımdır. Rusiya Azərbaycanın istədiyi kimi hərəkət edir. İndiki zaman kəsiyində bu, Azərbaycan üçün faydalıdır. Rusiyanın Qafqaz bölgəsindən sıxışdırılıb çıxarılması narahatlığı Rusiyanın Avropa və Qərblə arasında olan məsələdir. Bizə isə lazım olan suverenliyimizin təmin olunmasıdır”.
T.Kərimli deyib ki, Qərb də ciddi şəkildə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasını ləngidən əsas faktorlardan biridir: “Ruslar demişkən, “şaltay-baltay” vururlar. Bir yandan Avropa İttifaqı istəyir ki, Ermənistan və Azərbaycan arasında ikitərəfli, hətta Gürcüstanın iştirakı ilə üçtərəfli görüşlər görüşlər olsun, Qarabağ Azərbaycanın daxili işi kimi qeyd olunsun. Yəni Qərbdə belə müsbət çalarlar var. Digər tərəfdən də Ermənistanın mənafeyinin birtərəfli şəkildə müdafiə olunması, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaması ikili standartlardan xəbər verir. Ona görə də Azərbaycan doğru olan, milli mənafeyinə uyğun siyasət yürütməkdə haqlıdır”.
Tehsil-press.az