ADU tələbələrinə macar dilində kitablar hədiyyə olunub

ADU tələbələrinə macar dilində kitablar hədiyyə olunub Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzinə müxtəlif kitablar hədiyyə edib.
Səfir əvvəlcə beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova ilə görüşüb. Görüşdə səfirliklə universitet arasında mövcud əlaqələr müzakirə edilib, Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb: “Bizim Azərbaycan Dillər Universiteti ilə uzun zamandır ki, çox faydalı, gözəl əlaqələrimiz var. Ötən il universitetin qonağı oldum. Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti, macar dilini öyrənən tələbələrin həvəsi, marağı bizi çox sevindirir. İnanıram ki, macar dilində olan bu kitablar tələbələr üçün faydalı olacaq. Tələbələr bu kitablar vasitəsilə Macarıstanın tarixini, mədəniyyətini daha yaxından öyrənə biləcəklər”, - deyə səfir bildirib.
Prorektor Jalə Qəribova səfirə ADU-nun rektoru akademik Kamal Abdullanın və macar dilini öyrənən tələbələrin adından təşəkkürünü bildirib, hədiyyə olunan kitabların tələbələr üçün faydalı vəsaitlər olduğunu diqqətə çatdırıb.
Daha sonra səfir Tamaş Torman Macar Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə görüşüb.

Tehsil-press.az




Oxşar xəbərlər