“Ədəbiyyat adamı – 2023” mükafatı təqdim edilib

“Ədəbiyyat adamı – 2023” mükafatı təqdim edilib Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək. Artıq dördüncü dəfə təqdim etdiyimiz mükafat bu dəfə onunla əlamətdardır ki, bu il Ulu Öndərin 100 illiyidir. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Bu mükafatın unikallığı ondadır ki, burada rəqiblər yoxdur”.
Daha sonra qaliblər Məmməd Oruc, Mahir Qarayev, İlham Rəhimli, Fəxri Uğurlu və Maral Yaqubova təltif olunublar.
Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.
Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər