Akademik İsa Həbibbəyli həmvətənimizə “Ədəbiyyat İnstitutunun fəxri dostu” mükafatını təqdim edib

Akademik İsa Həbibbəyli həmvətənimizə “Ədəbiyyat İnstitutunun fəxri dostu” mükafatını təqdim edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevlə görüşüb.
Baltikyanı ölkələrdə Azərbaycan ədəbiyyatının tanıdılmasında, birgə ədəbi layihələrin həyata keçirilməsində Mahir Həmzəyevin əməyini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli həmvətənimizin Azərbaycan-Litva ədəbi əlaqələrinin inkişafına əhəmiyyətli töhfələr verdiyini xüsusi vurğulayıb. Ədəbiyyatşünaslıq sahəsində birgə elmi əməkdaşlığın əhəmiyyətindən danışan İsa Həbibbəyli bundan sonra da dost ölkə ilə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının Litvada tanıdılmasında gördüyü işlərdən söz açaraq bu il işıq üzü görmüş əsərləri, elmi məqalələri haqqında ətraflı məlumat verib. O, Nizami Gəncəvi irsi ilə bağlı tərcümə-tərtib kitablarının hazırlanması da daxil olmaqla, geniş yaradıcılıq planlarından, əhatəli tərcümə fəaliyyətindən danışaraq birgə layihələr üzrə qarşılıqlı əməkdaşlıq sahəsində bundan sonra da uğurla fəaliyyət göstərəcəyini bildirib.
Akademik İsa Həbibbəyli Azərbaycan-Litva ədəbi əlaqələrinə əhəmiyyətli töhfələr vermiş həmvətənimizə “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri dostu” nominasiyası üzrə mükafatı təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər