“Dayanıqlı energetikaya doğru” - UNEC-də beynəlxalq seminar

“Dayanıqlı energetikaya doğru” - UNEC-də beynəlxalq seminar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dayanıqlı energetikaya doğru: qlobal kontekstdə regional əməkdaşlıq" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
UNEC və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (UNECON) təşkilatçılığı ilə keçirilən ikigünlük seminarın məqsədi bərpa olunan enerji sahəsində bilik və bacarıqların mübadiləsidir.
Beynəlxalq seminarın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov mövzunun aktuallığına diqqət çəkərək, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin ölkənin prioritet istiqamətlərindən olduğunu bildirib, işğaldan azad edilmiş ərazilərin bərpasında “yaşıl enerji” zonasının yaradılmasının əsas götürüldüyünü vurğulayıb. Rektor beynəlxalq seminarın dayanıqlı energetika ilə bağlı təcrübə mübadiləsində mühüm rol oynayacağını bildirib.
Ədalət Muradov Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan beynəlxalq konfrans və beynəlxalq tədbir çərçivəsində hər iki universitet arasında yaranan əməkdaşlıqdan da danışıb.
Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru İqor Maksimsev UNEC-də olmaqdan məmnunluğunu bildirərək, hər iki ali məktəb arasındakı əməkdaşlığın müsbət nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsinin aktual məsələlərdən olduğunu diqqətə çatdıraraq, Azərbaycanın zəngin alternativ enerji mənbələrinə malik olduğunu və bu istiqamətdə seminarda aparılacaq müzakirələrin faydalı olacağını bildirib.
Seminarda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dünya ölkələrinin hazırda iqlim dəyişikliyinə qarşı mübarizədə bərpaolunan enerji mənbələrini prioritet olaraq müəyyənləşdirdiklərini deyib. Enerji resursları ilə zəngin olan Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Nazir müavini dünyanın müxtəlif ölkələrinin ekspertlərinin qatıldığı seminarın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllinə mühüm töhfələr verəcəyindən əminliyini bildirib və seminarın işinə uğurlar arzulayıb.
Beynəlxalq seminar öz işini Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Rumıniya, Qazaxıstan və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə panel müzakirələrlə davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər