Mərkəzi Asiyanı Türkiyə və Avropaya bağlayan ölkə - Azərbaycan

Mərkəzi Asiyanı Türkiyə və Avropaya bağlayan ölkə - Azərbaycan Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə Prezident İlham Əliyevin dəvət edilməsi və buradakı çıxışı bir neçə baxımdan əhəmiyyətlidir. Hər şeydən əvvəl, bu dəvət göstərir ki, dünyanın ürəyi olan Avrasiyaya gedən yolda mühüm coğrafi-siyasi məkanda yerləşən, Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxışında etibarlı, təhlükəsiz və sərfəli rol oynayan Azərbaycan Respublikasının birləşdirici, “qızıl körpü” rolu dünya siyasətində getdikcə artır. Bu rolu artıran təkcə coğrafiya deyil, Prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Azərbaycan ayırıcı deyil, ortaq maraqlar yaradan bir dövlətdir.
Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib. Prezident İlham Əliyevin çıxışında dediyi aşağıdakı sözlər Mərkəzi Asiya və Azərbaycanın dünya siyasətində bu günü və gələcəyini dəqiq ifadə edir: “Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.
Musa Qasımlı bildirib ki, dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycanı vahid tarixi-mədəni coğrafi region kimi qiymətləndirməsi təkcə bu gün deyil, gələcək üçün də tarixi əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin çıxışında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarını çoxəsrlik qardaşlıq münasibətləri bağlamasını vurğulaması köklərin dərin və sıx olduğunu, tarixin ağır sınaqlarından çıxdığını göstərir. Ortaq mədəni köklər dövlətlər arasında münasibətlərin sarsılmaz təməllərindən biridir.
Görüşün Tacikistanın dövlət müstəqilliyi günündə keçirilməsi Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin seçdikləri yolda iradələrini göstərir. Otuz ildən artıq müstəqil olan bu dövlətlər həm ikitərəfli, həm çoxtərəfli formatda əməkdaşlıq edir, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər. Münasibətlər strateji xarakter daşıyır. Regional əməkdaşlığın bu formatı ölkələrin və xalqların daha da yaxınlaşmasına zəmin yaradacaq. İldən-ilə artan ticarət-iqtisadi əməkdaşlıq münasibətlərin maddi təməllərini möhkəmləndirir”.
“Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına çıxmaqda tranzit ölkə və etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır”, – deməsi onlara qucaq açmaq, inkişaf etmələri, müstəqilliklərini daha da möhkəmləndirmələri üçün imkanlar yaratmaq deməkdir.
Bakı Ticarət Limanı, Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olan Azərbaycan geniş imkanlarının olduğunu göstərir. Bu, Azərbaycanın Türk dünyasının birləşdirici ölkəsi olduğu da deməkdir.
Prezident İlham Əliyevin səfəri və çıxışında irəli sürdüyü fikirlər tarixdə şəxsiyyətin oynadığı rola dair ən gözəl nümunələrdən biridir”, - deyə Musa Qasımlı fikrini yekunlaşıdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər