Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Bəyoğlu Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri” mövzusunda ustad dərsi keçib.
Öncə Taner Bəyoğlu ölkəmizin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmağından məmnunluğunu ifadə edib, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını, Qarabağda qazandığımız tarixi Zəfərin bütün Türk dünyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.
T.Bəyoğlu mühazirəsində Türkiyə Milli Kitabxanasının tarixi, inkişaf dövrləri, müasir vəziyyəti, perspektivləri və hədəfləri barədə dinləyicilərə ətraflı məlumat verib. O, milli kitabxanaların dövlətlərimiz arasında ədəbi-mədəni və elmi əlaqələrin formalaşmasında, türk xalqlarının milli irsinin mühafizəsində müstəsna rolundan bəhs edib. Bildirilib ki, kitab və kitabxana mədəniyyəti sahəsində dünya mədəni irsinə mühüm töhfələr vermiş türk xalqları bu gün də həmin missiyanı uğurla davam etdirirlər.
Rəqəmsal dünyada modern kitabxana xidmətlərinin dövrün tələbi kimi qarşıya çıxdığını vurğulayan T.Bəyoğlu Türkiyə Cümhuriyyətində bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin həyata keçirdiyi mühüm layihələr barədə danışıb.
Ustad dərsində kitabxanaların xidmət səviyyəsinin təkmilləşdirilməsində önəmli rol oynayan müasir kommunikasiya sistemlərinin imkanları, üstünlükləri barədə ətraflı məlumatlar diqqətə çatdırılıb, ənənəvi kitabxana xidmətləri ilə rəqəmsal kitabxana xidmətlərinin müqayisəli təhlili aparılıb. Eyni zamanda, Türkiyədə müəlliflik hüquqlarının qorunması məsələlərindən bəhs edilib. Müəllif hüquqlarının qorunması və piratçılıqla mübarizə üsulları barədə Türkiyə təcrübəsi izah olunub.
Sonra Türkiyə Milli Kitabxanası ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əlaqələrin inkişaf etdirilməsi, gələcəkdə fakültə tələbələrinin Türkiyə Milli Kitabxanasında təcrübə keçməsi imkanları müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər