Bütün dünyaya məlumdur ki, Xocalıda törədilən soyqırım yalnız erməni silahlı dəstələrinin deyil, keçmiş SSRİ ordusunun tərkibində olan 366-cı rus motoatıcı alayın birbaşa iştirakı ilə həyata keçirilib. Bu fakt illərdir sənədlər, şahid ifadələri və beynəlxalq mənbələrdə təsdiqini tapıb.
Milli Məclisin deputatı Günay Ağamalı açıqlamasında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dedi: "1992-ci ilin fevralında Xocalıda mülki əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış və amansızlıqla həyata keçirilmiş qətliam törədildi. Həmin cinayətin icrasında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı artıq tarixçilər və şahid ifadələri ilə təsdiqlənmiş faktdır. Ağır texnika, zirehli maşınlar və peşəkar hərbi heyət olmadan belə bir miqyasda hücumun həyata keçirilməsi mümkün deyildi. 366-cı alayın birbaşa iştirakı Xocalı soyqırımına erməni silahlı birləşmələrinin, eyni zamanda sovet hərbi strukturlarının da məsuliyyət daşıdığını açıq şəkildə göstərir.
Bu, azərbaycanlılara qarşı törədilən ilk qətliam deyildi. 1990-cı il 20 Yanvarda Bakıda dinc əhaliyə qarşı qətliamı birbaşa sovet ordusu törətdi. O gecə tanklar xalqın üzərinə sürüldü, yüzlərlə insan qətlə yetirildi. 20 Yanvar faciəsi ilə Xocalı arasında bir xətt var idi, Azərbaycan xalqının iradəsini qırmaq və müstəqillik yolundan döndərmək cəhdi.
Deputatın fikrincə, Azərbaycan torpaqlarının işğalı prosesində Rusiyanın hərbi-siyasi dairələrinin rolu danılmazdır: "Silah-sursat təminatı, hərbi dəstək, separatçı rejimə açıq və gizli yardımlar tarixi faktlardır. Hadisələri yalnız “erməni təcavüzü” kimi təqdim etmək reallığın tam mənzərəsini göstərmir. Bu, rus-erməni işğalçılıq siyasətinin məntiqi davamı idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirilir. Dövlət başçısı hər zaman vurğulayır ki, Xocalı soyqırımı unudulmamalı, günahkarlar isə ədalət qarşısında cavab verməlidirlər. Azərbaycanın artan beynəlxalq nüfuzu və güclənən siyasi mövqeyi bu həqiqətlərin daha geniş coğrafiyada tanıdılmasına imkan yaradır".
G.Ağamalı Xocalı soyqırımının beynəlxalq hüquqi müstəvidə tam qiymətini almalı olduğunu bildirdi: "366-cı alayın iştirakı və həmin dövrdə Rusiyanın regionda “at oynatdığı” faktı beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə qəbul edilməli və bu məsələyə hüquqi-siyasi qiymət verilməlidir.
Xocalı qurbanlarının xatirəsini ehtiramla anırıq. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və xalq öz ağrısının və tarixinin hansısa qüvvələrin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə imkan verməyəcək".
Tehsil-press.az








