ADU-da “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirildi

ADU-da “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirildi Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr Departamentinin və Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, ölkənin aparıcı KİV rəhbərləri və nümayəndələri, tanınmış media mütəxəssisləri, dövlət orqanlarının və ali təhsil müəssisələrinin İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətlərinin rəhbərləri, ADU-nun professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
Öncə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi, dəvəti qəbul edərək dəyirmi masada iştirak edən hər kəsə təşəkkürünü bildirdi. O, ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin yarandığı gündən mütəmadi olaraq Azərbaycanın xaricidilli KİV-inin problemləri, perspektivləri, durumu barədə Mətbuat Şurası ilə birgə əməkdaşlığı çərçivəsində tədbirlər təşkil etdiyini bildirdi, ənənəyə sadiq qalaraq bugünkü dəyirmi masanın da bu qəbildən olduğunu qeyd etdi və dəyirmi masanın Departamentlə Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə baş tutduğunu bildirdi. Tədbirin keçirilməsində göstərdiyi dəstəyə və yaradılan şəraitə görə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova təşəkkür edən Şəfaqət Kazımova açılış üçün sözü ona verdi.
Qonaqları yenidən ADU-da görməkdən şad olduğunu söyləyən universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov belə bir tədbirin Dillər Universitetində təşkil edilməsini sevindirici hal kimi qiymətləndirdi. O, universitetin həmişə KİV nümayəndələrinin, media mənsublarının üzünə açıq olduğunu deyərək, qış imtahan sessiyası zamanı təhsil müəssisəsinin ayrı-ayrı fakültələrində iki dəfə böyük mediatur keçirildiyini xatırlatdı. Hazırda universitetdə 22 xarici dilin tədris olunduğunu söyləyən professor, 2012-2013-cü tədris ilindən ADU-da fəaliyyətə başlayan Filologiya və jurnalistika fakültəsinin nəzdində ayrıca bir jurnalistika bölməsinin də olduğunu diqqətə çatdırdı. Azərbaycan həqiqətlərinin dünyaya aşılanmasında medianın daha geniş imkanlara malik olduğunu bildirən D.Yunusov bu imkanları həyata keçirərkən dil bilgisi ilə yanaşı onun üslubu, necə təqdim edilməsi də əsas məsələlərdəndir-deyə vurğuladı. Çıxışının sonunda Dünyamin Yunusov dəyirmi masada iştirak edən hər kəsə təşəkkür etdi, onların hər birinə möhkəm can sağlığı, işlərində uğurlar arzuladı.
Sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirdi. O, təqribən 5-6 il öncə də ADU-da oxşar tədbirin keçirildiyini xatırladaraq belə təşəbbüslərin Azərbaycan jurnalistikası və cəmiyyəti üçün son dərəcə əhəmiyyətli olduğunu bildirdi. Azərbaycan mətbuatının tarixindən bəhs edən deputat ilk milli mətbuatımızın yaranmasının “Əkinçi” qəzetinin adı ilə bağlı olduğunu qeyd etdi. O, Azərbaycan mətbuatının çoxdilli olmasını, XX əsrin əvvəllərində rus, gürcü, fars və sair dillərdə qəzetlərimizin işıq üzü gördüyünü söylədi. Azərbaycanda fəaliyyət göstərən aparıcı informasiya agentliklərinin beşdən çox dildə məlumat yayımladığını deyən Əflatun Amaşov eyni zamanda ölkəmizdə xaricidilli mətbu orqanların da nəşr olunduğunu bildirdi. O, aprel ayının ilk günlərində cəbhə xəttində baş verən erməni təxribatının dünya ictimaiyyətinə təhrif olunmuş formada çatdırılmasının qarşısının məhz ölkəmizin xaricidilli mətbuatının səyi nəticəsində alınmasına diqqət çəkdi. Ə.Amaşov bu mənada Azərbaycanda xaricidilli kadrların və xaricidilli mətbuatın inkişafının vacibliyini önə çəkdi. Sonda Əflatun Amaşov dəyirmi masanın işinə uğurlar arzuladı, onu yüksək qiymətləndirdi və gələcəkdə bu tədbirin xaricidilli mətbuatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirin çox maraqlı və aktual məsələyə həsr olunduğunu söylədi. O, media ilə pedaqoji fəaliyyətin maarifləndirmə baxımından eyni məqsədə xidmət etdiyini dedi. Hikmət Babaoğlu dəyirmi masanın aktuallığından danışaraq qlobal informasiya məkanında xəbərin yerindən, o cümlədən Azərbaycanın milli maraqlarına xidmət edən məlumatın müxtəlif dillərdə yayılmasının vacibliyindən danışdı, konfransın işini yüksək qiymətləndirdi.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə lazımi və məqamında təşkil olunan tədbirin keçirilməsinin Azərbaycanda eyni sahədə görülən işlərə stimul verdiyini dedi. O, jurnalistika ixtisaslarında qabiliyyət imtahanlarının tətbiq edilməsinin müsbət və mənfi cəhətlərindən danışdı, alternativlər səsləndirdi.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanova Azərbaycana qarşı təşkil olunan qara piyar, onun qarşısının alınması, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşması istiqamətində jurnalistikanın üzərinə düşən vəzifələrdən danışdı. PA rəsmisi həm sosial şəbəkələrin, həm də KİV-lərin bu sahədə daha da aktivlik göstərməli olduğunu vurğuladı. Azərbaycanda “twitter” istifadə edənlərin az olduğunu bildirən C.Əmiraslanova buna maraq göstərməyin vacibliyini dedi. O, Azərbaycanın haqlı olan mövqeyini sosial şəbəkələrdə, həmçinin KİV-lərdə düzgün formatda aparmağın vacibliyini qeyd etdi.
Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova “Azərbaycanın xaricidilli mediası beynəlxalq təbliğat və informasiya məkanında” adlı məruzə ilə çıxış etdi. O, “Le Carrefour” qəzetinin təşəbbüsü ilə Mətbuat Şurası ilə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda iki dəfə silsilə dəyirmi masa təşkil edildiyini xatırlatdı. Zeynab Kazımova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə söylədiyi nitqində Azərbaycanın beynəlxalq təbliğat və informasiya məkanına daxil olması və təsir imkanlarını artırması üçün konseptual fikirlər səsləndirib. Prezident İlham Əliyevin bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədi ilə xaricidilli medianın fəaliyyətini, eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasını xüsusi vurğuladığını bildirdi. Həmçinin, Zeynab Kazımova Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xaricidilli jurnalistlərin həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalı olduğu ilə bağlı fikirlərini xatırlatdı.
Zeynab Kazımova təsisçisi olduğu Azərbaycanda fransız dilində nəşr olunan “Le Carrefour” qəzetinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verdi, bu yaxınlarda qəzetin saytının (www.lecarrefour.az) istifadəyə verildiyini diqqətə çatdırdı. Xaricidilli medianın üzərinə düşən məsuliyyətdən söz açan Zeynab Kazımova bu sahədə fəaliyyət göstərən KİV-in dövlətçiliyimizi, ölkəmizin nüfuzunu hər zaman üstün tutmalı olduğunu, öz fəaliyyətini Vətənimizin rifahı naminə və Azərbaycanın beynəlxalq aləmdə mediada təbliğinə həsr etməli olduğunu bildirdi.
Ötən il bəzi xarici media qurumlarının Avropa Oyunları zamanı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə cəhd olunduğunu deyən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan mediasının onlara tutarlı və layiqli cavab verdiyini söylədi. Azərbaycan üçün əhəmiyətli olan "Formula-1", Beynəlxalq Şahmat yarışları, İslam Həmrəylik Oyunlarının keçiriləcəyini qeyd edən S.Məmmədova həmin xarici media qurumlarının artıq ölkəmizə qarşı "müharibəyə" başladağını sözlərinə əlavə etdi. O, hər kəsi sosial şəbəkələrdə daha da aktiv olmağa səslədi.
Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu tədbirin çox dəyərli, əhəmiyyətli olduğunu və qarşıya qoyduğu məqsədə doğru irəlilədiyini bildirdi. O, jurnalistikanın inkişafından danışarkən həmin sahəyə meyli və bacarığı olan insanları cəlb etməklə xalq, cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilən qələm sahibləri kimi yetişməsinin vacibliyindən danışdı.
“525”ci qəzetin baş redaktoru Rəşad Məcid çıxışında klassik mətbuatın öz yerini yeni mediaya verdiyini dedi. Jurnalist peşəsinə sahib olan insanın müşahidə və yazı qabiliyyətinə, həmçinin güclü intuisiyaya malik olması, etik normalara diqqət yetirməsinin əhəmiyyətindən danışan R. Məcid bu baxımdan belə tədbirlərin ənənəvi olacağına əminliyini ifadə etdi.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elçin Sərdarov tədbirin ümummilli marağa xidmət etdiyini deyərək onu yüksək qiymətləndirdi. O, tədqiqat jurnalistikasının öyrədilməsi, onun siyasi, ekoloji, iqtisadi və s. sahələrdə ixtisaslaşmasına ehtiyac duyulduğunu bildirdi.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan dilində olan materialların, tarixi araşdırmaların tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasının ölkənin tanıdılması və təbliği istiqamətində mühüm rol oynadığını dedi.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev çıxışında jurnalistikanı cəmiyyətin güzgüsü adlandıraraq ətraf aləmdə baş verən hadisələri lazımi instansiyalara çatdırmaq funksiyası daşıdığını dedi. O, bu funksiyanın yüksək səviyyədə fəaliyyət göstərməsi üçün jurnalistikanın müxtəlif sahələr üzrə ixtisaslaşması təklifini irəli sürdü.
Jurnalist Murad Hüseynov Azərbaycanın beynəlxalq jurnalistikasındakı problemlərdən danışdı. Jurnalistika sahəsində təhsil alan tələbələrin nəzəri biliklərini möhkəmləndirmək üçün istehsalat təcrübəsini KİV-də keçirməyin vacib olduğunu dedi.
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, modern.az saytının rəhbəri Elşad Eyvazlı, CBC televiziya kanalının Azərbaycan bölməsi üzrə “Xəbərlər” Departamentinin baş redaktoru Səadət Məmmədova, trend.az saytının baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Elçin Hüseynov və ali təhsil müəssisələrinin mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi dəyirmi masada xaricidilli mediaya dövlət dəstəyinin həyata keçirilməsini vacib hesab olunduğu bildirildi. Azərbaycan Mətbuat Şurasından dəstək verilərək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) ayrıca xaricidilli media üçün müsabiqənin keçirilməsi və müvafiq maliyyə ayrılması, bu sahədə fəaliyyət göstərən medianın fəaliyyətinə təkan verə biləcəyi vurğulandı.
Dəyirmi masa müzakirələrlə yekunlaşdı.

ADU-da “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirildi

tehsil-press.az

Oxşar xəbərlər