Biznes-forum keçirilib

Biznes-forum keçirilib Aprelin 20-də Təhsil Nazirliyi və “Caspian European Club”un (Caspian Business Club) birgə təşkilatçılığı ilə biznes-forum keçirilib.

Forumda təhsil naziri Mikayıl Cabbarov, xarici ölkələrin Azərbaycandakı səfirləri, konsulluq əməkdaşları, ali məktəblərin rektorları, təhsil müəssisələrinin, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər.
Biznes-forumda təhsil sahəsində islahatlar və inkişaf perspektivləri, Təhsil Nazirliyi ilə biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin biznes və dövlət qurumları arasında aktiv dialoqun təşkili üzrə məsələlər müzakirə olunub.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilin inkişafı məsələlərinin müzakirəsini əhəmiyyətli hesab etdiyini bildirib, göstərilən fəaliyyət və nazirliyin həyata keçirdiyi layihələr, habelə Azərbaycanda ali təhsilin əsas aspektlərindən, peşə təhsili sistemində qarşıya çıxan məsələlərdən danışıb.
Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkə rəhbərliyinin bu sahəyə verdiyi önəmini bir daha bariz nümayiş etdirir. Dövlət başçısının qarşıya qoyduğu əsas məqsəd neft və qazdan asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarət olduğunu deyən nazir bildirib ki,  bu inkişafın təmin edilməsi üçün əsas element məhz insan kapitalı olmalıdır.
Qloballaşma dövründə ali təhsilin beynəlmiləlləşməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan nazir bildirib ki, bu prosesdə əsas rolu ölkənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr oynayır. Əcnəbi tələbələr ali təhsil müəssisələri üçün əlavə maliyyələşmə mənbəyi olmaqla yanaşı, gənclərimiz arasında fərqli mədəniyyətlərlə inteqrasiyanı və multikulturalizmi təşviq etmək, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, yeni təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm rola malikdirlər. Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 60-dan çox ölkədən 4500-dən artıq əcnəbi tələbənin təhsil aldığını deyən M.Cabbarov qeyd edib ki, nazirlik əcnəbi tələbələrin sayının artırılması istiqamətində ali təhsil müəssisələri ilə iş aparmaqdadır.
Təhsil naziri qeyd edib ki, ölkənin müxtəlif regionlarında yeni iş yerlərinin açılması və demoqrafik yerdəyişmə fonunda regional təhsil komplekslərinin təsis olunması müxtəlif bölgələrdə keyfiyyətli təhsilin təmin olunmasına imkan yaradacaq. Bununla da həm məktəbəqədər, həm ümumi, həm də ilk peşə-ixtisas təhsilini əhatə etmək olar. İlk peşə-ixtisas təhsili ilə bağlı məsələlərə diqqət çəkən M.Cabbarov nazirlik tərəfindən sosial xarakterli geniş təbliğat kampaniyası keçirildiyini, “Müasir Azərbaycan Peşəkarları” (MAP) layihəsinin icra olunduğunu bildirib.
Təhsil müəssisələri ilə işəgötürənlər arasında davamlı və qarşılıqlı faydalı əlaqələrin yaradılmasının labüd olduğunu deyən nazir qeyd edib ki, biznes qurumları cəmiyyət qarşısında korporativ məsuliyyətə daha çox diqqət ayırmalı və təhsil sistemi üçün prioritetlərin müəyyən edilməsinə, özünü doğrultmayan təcrübələrdən imtina edilməsinə dəstək göstərməlidir.
Təhsil naziri inkişaf etmiş ölkələrdə innovasiyalar və yeni texnologiyaların əsasən, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar nəticəsində yarandığını söyləyib. Bu məhsulun əsas istehlakçısı isə adətən məhz biznes sektoru olur. Təhsil Nazirliyi 2015-ci ilin 22 dekabr tarixində “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalamaqla ölkənin bütün ali təhsil müəssisələri üçün şirkətin “Web of Science” və digər elektron akademik resurslarına çıxışı təmin edib. Nazir əlavə edib ki, akademik resurslar elmi araşdırmalar və innovasiyalar üçün yetərli deyil. Universitetlərimizə elmi tədqiqatları həyata keçirmək üçün laboratoriyalar, texniki avadanlıqlar və digər resurslar da lazımdır. Bu baxımdan ölkəmizin biznes sektorunun ali təhsil müəssisələri ilə əməkdaşlığına və müvafiq sərmayələr qoymasına ehtiyac yaranır. Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər tədris prosesinə cəlb olunmaqla, ixtisaslı kadrların hazırlanmasına təsir etmək imkanları əldə edə bilər. Təhsil müəssisələrinin əmək bazarı ilə sıx təmasda fəaliyyət göstərmələri isə onların verdiyi təhsilin müasir cəmiyyətin və iqtisadiyyatın tələblərinə daha uyğun olmasına və məzunlarının əmək bazarında daha asan yer tapmalarına səbəb olar.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarova “Caspian European Club” şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorlarına “Caspian European Club”un fəxri üzvlük sertifikatları təqdim edilib. Bundan əlavə, “Caspian European Club”un yeni şirkətlərinə - “Aggreko” (Middle East) və “Azerbaijan Representation of the European Azerbaijan Society”yə (TEAS) üzvlük sertifikatları verilib.
Forumda çıxış edən “Caspian European Club” şirkətinin baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoq üçün, habelə tədbir zamanı “Caspian European Club” üzvlərinin təklif və xahişlərinə diqqətlə yanaşdığı üçün təhsil nazirinə təşəkkürünü bildirib.
Biznes-forum çərçivəsində şirkətlərin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və Təhsil Nazirliyi ilə əməkdaşlıq yolları müzakirə olunub.

tehsil-press.az

Oxşar xəbərlər