Bakıda tikinti şirkəti 260 ağac məhv etdi - sakinlər AYAĞA QALXDI

Bakıda tikinti şirkəti 260 ağac məhv etdi - sakinlər AYAĞA QALXDI Paytaxtın Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında tikinti şirkəti yaşıllıq əraziləri məhv edib.

Bu barədə İctimai kanal çəkiliş edib.

Ötən ildən ərazidə tikinti aparılan zaman məhv edilən ağacların aqibəti soruşulan zaman bildirilib ki, ağaclar budanır və ya ərazidə saxlanılır. Amma, ağacların heç biri yerində deyil. Ərazidə yaşayan sakinlərin sözlərinə görə tikinti şirkəti tərəfindən kəsilmiş ağacların sayı 260-dan çoxdur və tikinti şirkətinin qanunsuz söküntü işlər apardığına görə artıq Baş Prokurorluğa müraciət edilib.

Sözügedən tikinti şirkəti deyilənləri təkzib edib. Şirkətin nümayəndəsi Yavər Yavərzadə bildirib ki, hər hansı köçürülmüş ağacın əvəzində bərpa işləri olacaq və lazımı qədər ağac əkiləcək. Müsahib deyir ki, nizamsız əkilən ağaclar yeni tikiləcək binanın inşasına mane olur. Bu da qanunvericiliklə ağacları köçürməklə həll olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi faktını təsdiqləyib. Nazirlikdən bildirilib ki, faktla bağlı akt tərtib edilib, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Sözügedən ərazidə işlərin dayandırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə, eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilib.

Tehsil-press.az

Oxşar xəbərlər