İradə İbrahimova: Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər

İradə İbrahimova: Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər Bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mayın 14-də keçirilən mətbuat konfransında deyib.
“Nazirlik ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışır. Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. Nazirlik ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq. Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər. Bir neçə il əvvəlki, köhnə məlumatları yayır, nazirliyi günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışırlar. Nazirlik sağlam və şəffaf fəaliyyətini davam etdirir. Bir daha əminliklə bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsində, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır”, - deyə mətbuat katibi bildirib.
İ.İbrahimova qeyd edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağac əkilməsi buna əyani sübutdur.
Onun sözlərinə görə, yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır. Bu, dərhal nazirlik tərəfindən adekvat reaksiya ilə qarşılanır.
Nazirliyin mətbuat katibi bildirib ki, belə vəziyyətlərə ictimaiyyət nümayəndələrinin biganə yanaşmaması, onlara dəstək vermələri, kütləvi informasiya vasitələri nümayəndələrinin diqqət göstərmələri sevindirici haldır.

Tehsil-press.az

Oxşar xəbərlər