Naxçıvan Dövlət Universitetində Təhsildə inkişaf mərhələri: rəqəmsallaşdırma və perspektivlər II Respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində Təhsildə inkişaf mərhələri: rəqəmsallaşdırma və perspektivlər II Respublika elmi konfransı keçirilib Ali təhsil ocağında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Təhsildə inkişaf mərhələləri: rəqəmsallaşdırma və perspektivlər” mövzusunda II Respublika elmi konfransı keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi yad olunub.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, konfransın əsas məqsədi milli təhsil sistemimizin keçmiş olduğu inkişaf yolunun öyrənilməsi, təhsilin inkişaf dinamikasının mərhələli şəkildə təhlil olunması, ölkədə məktəb və pedaqoji fikrin inkişaf tarixinin öyrənilməsi, təhsil sistemində kurikulum və boloniya sisteminin tətbiqinin vəziyyəti, eyni zamanda təhsilin keyfiyyətinin artırılmasıdır. Bildirilib ki, yeni informasiya mədəniyyətinin formalaşdırılması, təhsildə informasiya və kommunikasiya texnologiyaları və STEAM təhsilə dair və bir çox mövzuların tədqiqat sahəsi kimi araşdırılması baxımından konfrans xüsusi önəm daşıyır. Ali təhsil ocağında müvafiq ixtisaslarda rəqəmsal texnologiyaların tətbiqinin vacibliyindən bəhs edən rektor konfransın işinə uğurlar arzu edib.

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazrinin müavini Rahid Ələkbərli ali təhsil müəssisələrində hibrid ixtisasların önəmindən bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetindəki auditoriya, kabinə və laboratoriyaların rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərməsi xüsusilə əhəmiyyətlidir. Bildirilib ki, gənclərin rəqəmsal texnologiyalar sahəsində biliklərini artırmağı və təhsildə baş verən innovativ yeniliklərə uyğunlaşmağı dövrün təlabatına çevrilib.

Bakı Biznes Universitetinin Layihələr şöbəsinin müdiri Gülşən Bayramova Azərbaycan ali təhsil sistemində sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi mövzusunda çıxış edib. Natiq ali təhsil müəssisələrində tələbələrə və müəllim heyəti üçün yaradılan şərait və təşviqlər, dünya ali təhsil sisteminin nümunəvi tərəfləri, təhsildə keyfiyyətin yüksəldilməsi sahəsində aparıla biləcək işlər barədə məlumat verib.

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev rəqəmsal texnologiyaların tibb sahəsində yaratdığı üstünlüklər və mövcud çatışmazlıqları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının dosenti, Taleh Xəlilov müasir təhsil sistemində liderlik anlayışı mövzusunda çıxış edib.
Sonra çıxış edənlərə xatirə plaketləri təqdim olunub.

Konfrans üz-üzə və onlayn formada 5 elmi bölmədə 7 panel müzakirələrlə işini davam etdirib. Elmi bölmələrdə təhsil tarixi, pedaqogika və psixologiya, metodika, pedaqogika, metodika və təhsildə İKT və bir sıra mövzular ətrafında tezis və məqalələr dinlənilib.

Qeyd edək ki, Azərbaycan və Türkiyədən, ümumilikdə, 18 ali təhsil müəssisəsi və elmi tədqiqat institu üzrə 81 məruzə dinlənilib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər