
Yerinə yetirilən tədqiqat işlərinin həm həcmində, həm də istinad indikatorlarında yüksək nəticələr qeydə alınıb.
Belə ki, universitetin “Web of Science” bazası üzrə “H” indeksi 2024-cü il ilə müqayisədə 5 bal artaraq 34-ə, “Scopus” bazası üzrə isə 37-yə yüksəlib. Universitet bu göstərici ilə “Web of Science” və “Scopus” bazalarında ölkə üzrə 6-cı yerdə qərarlaşıb.
2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə görə, universitet əməkdaşlarının “Web of Science” bazasında indekslənən jurnallarda əslində 99 məqaləsi çap olunub. Azərbaycan Universiteti məqalə sayına görə ölkə universitetləri arasında 7-ci yerdədir. Universitet əməkdaşlarının qeyd olunan bazada indekslənən jurnallarda çap olunan məqalələrinə 2024-cü ildə olan istinadların sayı “Web of Science” bazası üzrə 1379, “Scopus” bazası üzrə isə 1741 olmuşdur. Bu nəticələrə əsasən, Azərbaycan Universiteti ölkə üzrə 5-ci yerdədir.
Milli “H” indeksinin reytinq göstəricisinə görə (Azerbaijan National H-index Ranking 2024) universitet ali təhsil müəssisələri arasında ölkə üzrə 7-ci yerdə qərarlaşıb. Milli “H-index Ranking” məlumat toplamaq və ölkədəki alimlərin, tədqiqat qruplarının və tədqiqat təşkilatlarının elmi məhsuldarlığını qiymətləndirmək üçün “Scopus”, “Web of Science” və “Google Scholar” məlumatlarından istifadə edir. Bu məlumatlar əsasında Milli H-indeksinin reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır.
Tehsil-press.az